Siyasət

Köçəryan mitinqə hazırlaşır: Müharibənin bitdiyi günə aksiya təyin edildi

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” bloku noyabrın 9-da mitinq keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat blokun “Facebook” səhifəsində paylaşılıb.

Bildirilir ki, noyabrın 1-də “Ermənistan” blokunun parlament fraksiyasının iclası keçirilib. İclasda ölkədəki ictimia-siyasi vəziyyət müzakirə olunub. Əsas müzakirə mövzusu isə noyabrın 9-da İrəvanın “Azadlıq” meydanında keçiriləcək aksiya olub.

“Ermənistan” blokuna ölkənin iki əsas müxalifət partiyası – “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” daxildir.

Ermənistan müxalifətinin aksiyanı noyabrın 9-na təyin etməsi təsadüfi deyil. 9 noyabr 44 günlük Qarabağ savaşının bitdiyi tarixdir. Məhz 9 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında üçtərəfli razılaşma əldə olunub. Bu razılaşma tarixə kapitulyasiya aktı kimi düşüb.

Ermənistan müxalifəti həmin razılaşmadan sonra Baş nazir Nikol Paşinyanı xəyanətkar elan edib. Ölkədə siyasi böharn yaranıb və bu proses hələ də davam edir.

Güman ki, noyabrın 9-da keçiriləcək aksiyada əsas mövzu Qarabağ, əsas tələb isə Paşinyanın istefası olacaq.

9 noyabr mitinqinə Ermənistan cəmiyyətinin dəstək verəcəyi bir qədər inandırıcı görünmür. Hər halda iyunun 20-də keçirilən parlament seçkilərində Robert Köçəryan bütün gücünü ortaya qoysa da, Paşinyana qalib gələ bilmədi. Paşinyanın müharibəni uduzmasına baxmayaraq, cəmiyyət Köçəryanın timsalında revanşist qüvvələri dəstəkləmədi. Bu baxımdan, 9 noyabr aksiyasına da Ermənistan cəmiyyətinin eyni münasibət göstərəcəyini düşünmək olar.

Bənzər yazılar

Back to top button