İqtisadiyyat

“ASAN Xidmət” əməkdaşlarına köynəyin birini 56 manata alır – TENDER

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (“ASAN Xidmət”) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.

Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibləri “Conrad” MMC (VÖEN- 6200068521) və “İntellekt M.A” MMC (VÖEN- 1401556011) şirkətləri olub.

Müsabiqənin şərtinə görə “ASAN xidmət” “Conrad” MMC -dən ümumi dəyəri 259 min 128 manat olan 1 100 ədəd kişi kostyumu (pencək və şalvar), 1 200 ədəd qadın kostyumu (pencək, ətək və ya şalvar) alacaq. Rəqəmlərdən də göründüyü kimi “ASAN xidmət”in satın aldığı bir ədəd kostymumun orta qiyməti 112,7 manat təşkil edib.

“ASAN xidmət” “İntellekt M.A” MMC-dən isə ümumi dəyəri 257 min 830 manat olan 2 200 ədəd kişi qış köynəyi (uzunqol), 2 400 ədəd qadın qış köynəyi (uzunqol) alacaq. Rəqəmlərdən də göründüyü kimi “ASAN xidmət”in satın aldığı bir ədəd uzunqol köynəyin orta qiyməti 56 manat təşkil edib.

Məlumat üçün qeyd edək ki, “Conrad” MMC 07.11.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanı “Sabunçu rayonu, Əfəndiyev, ev 3, m. 16” olaraq göstərilir. Qanuni təmsilçisi isə Quliyev İlyas Yusif oğludur.

“İntellekt M.A” MMC 15.04.2009-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sülh, ev 2/20, m. 27” olaraq göstərilir. Qanuni təmsilçisi isə Abdullayev Sadiq Müşviq oğludur.

Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, ötən ay “İntellekt M.A” MMC “ASAN xidmət”ə ümumi dəyəri 222 min 371 manat olan kağız satıb. “Conrad” MMC isə ötən ay server, texniki otaq, səyyar “ASAN xidmət” avtobusları və qatarlarında kondisionerlərə texniki dəstək xidməti göstərib və qarşılığında 135 min 110 manat alıb.

Bənzər yazılar

Back to top button