DünyaÖnə çıxanlar

Türkiyənin S-400-ləri aktivləşdirməsinə mane olan səbəblər nədir? – Ekspert açıqladı

“Türkiyənin S-400-ləri aktivləşdirməsinə mane olan əsas səbəb ABŞ-ın sanksiya təhdidi və ölkə iqtisadiyyatının vəziyyətidir”.

AzToday.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli sosial şəbəkə hesabında yazıb. O, Ankaranın söz verdiyi kimi aprel ayında S-400-ləri aktivləşdirə bilməməsini bu cür əsaslandırıb:

“Anonim türk mənbə “Reuters”ə deyib ki, “koronavirus və texniki səbəblərə görə” bu plan bir neçə ay təxirə salınır. Aydındır ki, əsas səbəb ABŞ-ın sanksiya təhdidi və Türkiyə iqtisadiyyatının vəziyyətidir. Koronavirus durumu daha da ağırlaşdırıb, artıq Türkiyənin valyuta ehtiyatı minimal səviyyəyə yaxınlaşır və qarşıdakı 1 ildə ödənilməli olan dövlət borcundan xeyli azdır. Ölkədə dollar qıtlığı yaranmaq üzrədir.

Ötən ay Türkiyə Mərkəzi Bankı FED-ə müraciət edərək swap (mübadilə) əməliyyatlarına daxil edilməsini xahiş edib. FED hazırda 14 dövlətlə bu cür əməliyyatlar aparır. (Həmin ölkələrin eyni dəyərdə valyutasının əvəzində onlara dollar verir.) Türkiyəyə hələ ki nə hə, nə yox cavabı verilib. Dünən Ərdoğan və Tramp arasındakı telefon danışığında bu mövzunun da müzakirə olunduğu güman edilir.

Xatırlatmaq yerinə düşər ki, Türkiyə son illərdə dollarsızlaşma siyasəti aparmağa cəhd edirdi və digər ölkələrlə qarşılıqlı ticarətdə milli valyutaların istifadəsinə çalışırdı. Amma böhrandan sonra bütün dünyada dollara tələbat artıb və dollarlaşma gedir. Bu isə “ABŞ-ın liderliyi bitdi və Çin bir güllə atmadan lider oldu” şəklində iddianın boş olduğunu göstərən faktlardan biridir”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button