İdmanManşet

“Ofsayt”a düşən məmurlar… (SİYAHI)

Azərbaycanda idmana dövlət səviyyəsində qayğı göstərilsə də, bəzi federasiyalarda işlər doğru-düzgün aparılmır. Bunun nəticəsində isə beynəlxalq yarışlarda uğursuz nəticələr əldə edirik.

Prezident İlham Əliyev də Fərid Qayıbovu gənclər və idman naziri təyin edərkən federasiyalardakı görülən işlərdən narazılığını dilə gətirmiş, dövlət başçısı yeni nazirə bu sahədə araşdırmaların aparılması ilə bağlı tapşırıq vermişdi.

Sözsüz ki, uğursuz nəticə olanda, ilk növbədə tənqidlər həmin federasiyaların rəhbərliyinə yönəlir. Amma rəhbər şəxslər arasında elələri var ki, idman onlar üçün sonuncu dərəcəli məsələdir.

AzToday.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunlar arasında vəzifəsini itirmiş məmurlar da var, hazırda vəzifədə olanlar da.

Fazil Məmmədov

2000-ci ildə vergilər naziri təyin edilən, 17 il sonra isə bu postdan azad olunan Fazil Məmmədov iki federasiyanın prezidentidir.

Bunlardan biri hazırda rəsmi saytı belə işləməyən Otüstü Hokkey Federasiyası, digəri isə Azərbaycan Velosiped Federasiyasıdır. Fazil Məmmədov 4 il öncə vəzifədən azad olunduqdan sonra nəinki rəhbəri olduğu federasiyalarla maraqlanıb, heç üzə belə çıxmayıb.

Oqtay Əsədov

Sabiq spiker 2004-cü ildən etibarən Azərbaycan Tennis Federasiyasının prezidentidir.

Onun rəhbərliyi altında tennis sahəsində ciddi irəliləyiş nəzərə çarpmır. Federasiya sadəcə, ara-sıra mini-turnirlər keçirməklə kifayətlənir. Qurumun rəsmi saytında daha çox xarici xəbərlər yer alır.

Xanlar Fətiyev

Milli Məclisin sabiq deputatı 2012-ci ildən Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir. O, eyni zamanda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədridir.

Xanlar Fətiyevin rəhbəri olduğu idman sahəsində ciddi nəticələr yoxdur. Bu sahədə sadəcə, Ukrayna əsilli Maksim Şemberevi qeyd etmək olar ki, o da sonuncu Yay Olimpiya Oyunlarında heç final etapına belə adlaya bilməyib. Bundan başqa, federasiyanın rəsmi saytının olmaması da biabırçılıqdır.

Saleh Məmmədov

“Azəravtoyol” ASC-nin sədri 2016-cı ildən Azərbaycan Həndbol Federasiyasının prezidentidir.

Hazırda həndbol üzrə Azərbaycan çempionatının olmaması idmanın bu sahədə vəziyyətinin necə acınacaqlı olduğunun bariz nümunəsidir və əlavə şərhə ehtiyac yoxdur. Son günlərdə həndbol komandamızda olan əcnəbilər də heyətdən göndərilib və artıq maddi problemlərin ağuşunda bu komanda idmandan silinmə mərhələsinə keçib.

Hüseynqulu Bağırov

17 il ekologiya və təbii sərvətlər naziri olan Hüseynqulu Bağırov 2005-ci ildən Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının prezidentidir.

O, nazir vəzifəsindən 2018-ci ildə azad olunub. Elə federasiyasının rəsmi saytındakı son xəbər də 2018-ci ilə təsadüf edir.

Vaqif Axundov

Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundov, 1997-ci ildən Azərbaycan Atıcılıq Federasiyasının prezidentidir.

Federasiyanın rəsmi saytında sonuncu xəbər isə 2012-ci ilə, 9 il(!) əvvələ təsadüf edir!

Cavid Qurbanov

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri 2016-cı ildən Voleybol Federasiyasının prezidentidir. Təəssüf ki, vaxtilə “Azərreyl”in ifasında ölkəyə sevinc bəxş edən, “Rabitə” ilə tarix yazılan voleybol indi canüstədir. Hazırda nə qadınlar, nə də kişilər arasında ölkə çempionatından səs-səmir yoxdur.

İdmançıların bəziləri kuryer, bəziləri taksi sürücüsü işləyir. Milliləşdirilmiş qadın top ustalarımız da xaricdə özlərinə klublar tapmağa çalışır. Federasiyanın vitse-prezidenti Faiq Qarayev bir neçə dəfə voleybolla bağlı müraciət etsə də, danışıqlar getdiyini desə də, hələ işıq ucu görünmür.

Bənzər yazılar

Back to top button