Hüquq müdafiəçiləri: “Hazırkı amnistiya siyasi məhbuslar problemini həll etmir”

by Aztoday Xəbər Portalı

Zəfər Günü münasibətilə amnistiya aktının qəbul edilməsi əhəmiyyətli hadisədir, çünki adamların öz ailəsinə qayıtmasına imkan verəcək. Bu barədə Turan agentliyinə Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu bildirib.

“Bu, humanist addımdır və bu baxımdan alqışlamaq olar”, – hüquq müdafiəçisi deyib.

Bununla yanaşı, hüquq müdafiəçisi aktın siyasi məhbusları da əhatə edəcəyini gözləyirdi: “Amma bu, olmasa onların cəza müddətləri azaldıla bilər”.

Onun fikrincə, bəzi adamlar var ki, Birinci Qarabağ savaşında iştirak ediblər, onlar azadlığa buraxıla bilər. Bununla yanaşı hüquq müdafiəçisi qeyd edib ki, dekabr ayında da əfv fərmanı ola bilər. “Bizim siyahıda da 38 siyasi məhbus var. Ümidimiz bunadır ki, əfv fərmanı siyasi məhbus məsələsinə son qoya bilər”, -Cəfəroğlu deyib.

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov da qarşıda gözlənilən amnistiyanı müsbət qiymətləndirib.

Onun fikrincə, hər hansı amnistiya və ya əfv aktı təqdirəlayiqdir. O deyib ki, siyasi məhbus məsələsi bu kontekstdə həllini tapsaydı, amnistiya aktlının məzmunu daha geniş ola bilərdi.

indiki halda siyasi məhbuslardan Əlzamin Salayev və Gəncə hadisələrinə görə həbs olunmuş Ülvi Həsənov amnistiyaya düşürlər. “Bu hadisələrdə təqsirləndirilən, amma cinayətləri sübut edilməyən xeyli adam bu amnistiyadan kənar qalır”, – Cəfərov bildirib.

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfərov hesab edir ki, amnistiya əslində bütün məhbusalara şamil olunmalıydı: “Bu mənada Azərbaycanda amnistiya aktrının qəbul edilməsi prinsipləri daim pozulur. Amnistiya aktı siyasi fikir və məfkurəsinə görə həbs edilənlərə şamil olunmur. Həmin adamlara Cinayət Məcəlləsinin müxtəlif maddələrilə ittihamlar irəli sürülsə də, onlara qarşı cinayət işlərinin uydurma və saxtalaşdırılmış olduğu aydındır”, – Səfərov bildirib.

Amnistiya aktı layihəsi ölkə prezidenti İlham Əliyev tərəfindən parlamentə təqdim edilib.

Noyabrın 5-də Milli Məclisin sənədi qəbul edəcəyi gözlənilir.

Amnistiya 6 min adama şamil olunacaq, o cümlədən 3 min nəfər azadlığa çıxacaq.

Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycan həbsxanalarında 120-dən çox siyasi məhbus saxlanılır.

Bənzər Yazılar