Siyasət

Qarabağa gedə bilməyən Paşinyan Arutyunyanı İrəvana çağırdı – Nələr müzakirə olundu?

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı erməni separatçılarının rəhbəri Araik Arutyunyanla görüşüb.

Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, görüş bu gün İrəvanda baş tutub. Nikol Paşinyan rəsmi görüş imitasiyası yaratmaq üçün Araik Arutyunyanı özü qarşılayıb.

Görüşdə ənənəvi olaraq Qarabağın “status”u barədə danışılıb.

Paşinyan deyib ki, Qarabağ məsələsi ilə əlaqədar danışıqlar bərpa olunmalı və bu proses ATƏT-in Minsk Qrupu formatında müzaklirə olunmalıdır: “Minsk Qrupu çərçivəsində danışıqlar başlamalıdır. Özü də 3 əsas prinsip, o cümlədən öz müqəddəratını təyin etmə prinsipi də daxil olmaqla”.

Arayik Harutyunyan isə onlar üçün əsas məsələnin “öz müqəddəratını təyinetmə” olduğunu bildirib. O əlavə edib ki, alternativ variantları qəbul etmirlər.

9 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış üçtərəfli razılaşmada Qarabağın statusundan söhbət getmir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə açıq mətnlə bəyan edib ki, artıq status-kvo dəyişib və hər hansı statusdan söhbət gedə bilməz. Bu halda Paşinyanla Arutyunyanın “status müzakirələri” yersizdir.

Noyabrın 9-da Ermənistan müxalifəti İrəvanın “Azadlıq” meydanında mitinq keşirməyə hazırlaşır. Məğlubiyyətin ildönümündə belə bir aksiyanın keçirilməsi Paşinyanı narahat etməyə bilməz. Güman ki, Qarabağa gedə bilməyən Baş nazirin Arutyunyanı İrəvana çağıraraq onunla status məsələsini müzakirə etməsi daxili auditoriyaya hesablanmış addımdır. Paşinyan bununla Qarabağ mövzusunun onun üçün bitmədiyini nümayiş etdirərək müxalifətin mitinqinə cəmiyyətin marağını azaltmağı düşünə bilər.

Bənzər yazılar

Back to top button