İqtisadiyyat

Tender elanı ilə eyni gündə yaranan şirkəti qalib elan etdilər – Nazirlikdən müəmmalı tender

Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, bu cür tender müsabiqələrində Respublika Cüzəm (Leproz) Xəstəxanasının adı xüsusi olaraq fərqlənir.

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Cüzəm (Leproz) Xəstəxanasının keçirdiyi növbəti tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Lena” MMC (VÖEN-1307364501) olub.

Xəstəxana kotirovka sorğusunu sentyabr ayının 30-da elan edib. “Lena” MMC də eyni gündə – 30.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan bu şirkət Cüzəm (Leproz) Xəstəxanasının sifarişilə nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və bu xidmətlər üçün 10 min 831,5 manat alacaq.
Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Tender elanı ilə eyni gündə yaranan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da qeyd edək ki, bu cür şübhəli tender müsabiqələri Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən mütəmadi olaraq keçirilir.

Bənzər yazılar

Back to top button