Hindistan raket arsenalını niyə artırır? (ŞƏRH)

by Aztoday Xəbər Portalı

Çin nüvə və raket potensialını artırdıqca bu ABŞ-ı və Çinə qonşu olan ölkələri narahat edir. Məhz bu narahaqlığın nəticəsi idi ki, ABŞ Avstraliya, Yaponiya və Hindistan dördlü ittifaq formalaşdırdılar.

Bu azmış kimi, ABŞ, Böyük Britaniya və Avstraliyadan ibarət AUKUS adında bir başqa anqlo-sakson ittifaq və ya pakt da təsis olundu. Bu ittifaqın da başlıca məqsədi Çinin bölgədə artan hərbi gücünü neytrallaşdırmaqdır. Bundan başqa pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək edəcəklər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin bu ilin sentyabrın 15-də qəbul etdikləri birgə açıqlamada hədəf ölkənin adı çəkilməsələr də, bunun Çin olduğu hamıya aydındır. Yeni pakt da digəri kimi Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşıdır.

Bir müddət əvvəl Çin-Rusiya ittifaqı okeanda birgə hərbi təlimlər keçirdi. Bu hərbi təlimlər Yaponiyada böyük narahatlıq doğurdu. Çünki uzun illərdən sonra ilk dəfəydi ki, Çin və Rusiyanın hərbi gəmiləri Yaponiyaya və onun adalarına xeyli yaxınlaşmışdılar.

Bu arada, Hindistan da Çinə qarşı öz tədbirlərini gücləndirib. Hindistan 5 min kilometr mənzili olan nüvə gücünə malik qitələrarası ballistik raketi sınaqdan keçirib. Hindistanın şərq sahilindəki bir adadan atılan və 5 min kilometr mənzili olan “Aqni-5” raketinin sınağı uğurla keçirilib. Hərb ekspertlər “Agni-5” ballistik raketin Çinin hər nöqtəsini vura biləcəyini vurğulayırlar. Hindistan orta və uzaq mənzilli raketlərin istehsalına və sınaqlarına 1990-cı illərdən başlayıb.

Hindistan raket istehsalında Çindən geri qalmaq istəmir. İki dövlət arasında uzun onilliklərdir münasibətlərdə gərginlik var, sərhəddə zaman-zaman toqquşmalar qeydə alınır. İki ölkənin sərhədinin dağlıq hissəsi gərginlik mənbəyidir. Həmin əraziyə ağır texnika çıxa bilməsə də, iki ölkənin hərbçilər əlbəyaxa olmaqdan da çəkinmirlər. Dehli Aksay yaylasının 38 min kvadrat kilometrinin Çin tərəfindən işğal edildiyini bildirir. İki ölkənin sərhədinin təxminən 3.5 min kilometri demarkasiya olunmayıb. Çin bundan istifadə edərək ara-sıra dağlıq hisssələrə müdaxilələr edir, 1962-ci ildə iki dövlət arasında hətta müharibə də olub. Sərhəd danışıqları bugünə qədər nəticə verməyib.
Hindistan sınaqdan keçirdiyi yeni raketi ilə Çinə əzələ nümayişi göstərib. Çünki bu raket Çinin iqtisadi mərkəzlərini hədəf almaq gücündədir. Hindistanın bundan əvvəlki raketlərin uçuş məsafəsi cəmi 3 min kilometr idi. Hindistan yeni raketlərin hazırlanmasına və sınaqdan keçirməsinə təxminən 300 milyon dollar xərcləyib. Dehli bununla kifayətlənmək istəmir, hindistanlı alimlər yeni raketlərin nüvə başlıqları daşımaları üçün çalışmalarını davam etdirirlər.

140 nüvə başlığına malik Hindistanın nüvə doktrinası 3 bənddən ibarətdir. Birinci bəndə görə, Hindistan nüvə silahından birinci istifadə etməyəcək, ikinci bəndə görə, ölkə minimal nüvə başlığına malik olacaq, üçüncü bəndə görə isə, Dehli nüvə sınaqlarının qadağan edilməsiylə bağlı müqaviləni imzalamağa hazırdır. Problem ondadır ki, bu 3 bəndin yerinə yetirilməsi Çindən asılıdır. Əgər Pekin istədiyi qədər nüvə silahına və uzaq mənzilli raketlərə malik olacaqsa, Hindistan mübahisə içərisində olduğu qonşusundan geri qalmayacaq.

Bu arada, Hindistanın Silahlı Qüvvələri Çinlə sərhədə yaxın Şərqi Ladaxda 3 günlük irimiqyaslı hərbi təlimlər keçirib. Təlimlər yüksək dağlıq ərazidə mənfi 20 dərəcə şaxtada, yüzlərlə hərbçinin iştirakı ilə keçirilib. Təlimlərin məqsəd Çini sərhəddə mümkün təxribatlardan çəkindirməkdir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər Yazılar