9 nazir vəzifəsindən çıxarılacaq – Hakimiyyət islahatara başlayır

Print Friendly, PDF & Email

Geniş ictimaiyyət 11 aprel seçkilərində yenidən prezident seçilən İlham Əliyevdən ciddi struktur və kadr dəyişiklikləri  gözləyir. Hakimiyyət rəsmilərinin də islahat anonsu verməsi dəyişikliklərin edilməsinə böyük ümidlər yaradıb.

GunAz.org-a daxil olan məlumata görə, Prezident İlham Əliyev korrupsiya, rüşvət, qeyri-peşəkarlıq və dərin ictimai inamsızlıq mühitinin hökm sürdüyü sahələrdə əsaslı dönüş yaratmaq istəyir. Bunun üçün isə müvafiq sahələrə nəzarət edən dövlət qurumlarının rəhbərlərinin yeni kadrlarla əvəz olunması nəzərdə tutulub.

Ekspertlər 11 aprel növbədənkənar prezident seçkilərinin keçirilməsində əsas məqsədin İlham Əliyevin daha tez islahatlara başlaması ilə izah edirdi. Qeyd edək ki, seçki marafonunda prezidentliyə namizədlərin əksəriyyəti çıxışlarında höküməti tənqid etməsi gözlənilən dəyişiliklərin reallaşacağından xəbər verirdi. Baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi Nazirlər Kabinetini “Qocalar evi” adlandıran prezidentliyə namizədlər iqtisadiyyatda canlanma yaratmaq üçün kadr dəyişikliklərinin zəruri olduğunu bildirirdilər. Həmçinin, hakim Yeni Azərbaycan Partiyasının fünksionerləri də zaman-zaman gözlənilən dəyişikliklərlə bağlı anonslar ediblər.

Hazırda istər hakimiyyət dəhlizlərində, istərsə də ictimai rəydə aparıcı mövzu hakim komandada gözlənilən dəyişikliklərdir. Kimlərin qalacağı, kimlərin gedəcəyinə, əlbəttə, Prezident qərar verəcək. Bu barədə qəti fikir bildirmək mümkün deyil. Lakin keçmişin və bu günün təhlili, qarşıya qoyulan yeni hədəflər, yeni çağırışlar əsasında müəyyən proqnozlar, ehtimallar irəli sürmək olar.

İctimaiyyətdə və mediada gedən müzakirələrdən məlum olur ki, yeni hökümət üzvləri arasında səhiyyə naziri Oktay Şirəliyev, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, iqtisadiyyat naziri Şahin Mustafayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, mədəniyyət və türizm naziri Əbülfəz Qarayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, gənclər və idman naziri Azad Rəhimov yer almayacaq.

Siyasi şərhçilərin fikrincə, Prezident İlham Əliyev müasir iqtisadi tələblərə adekvat reaksiya göstərə bilən hökümət formalaşdırmalıdır. İndiki hökümət isə bu tələblərə cavab vermir. Belə ki, 2014-cü ilin son aylarında ölkə iqtisadiyyatında başlayan böhranın hələ də davam etməsi struktur islahatlarını və kadr dəyişikliklərini qaçılmaz edib.

İslahatlar çərçivəsində Nazirlər Kabineti üzvlərinin sayı 2 dəfə azaldıla bilər.

Qeyd edək ki, Prezidentin Dövlət Dəniz Administrasiyasını və Dövlət Mülki Aviasiya Administrasiyasını Nəqliyyat və Rabitə Nazirliyinə birləşdirməsinə dair sərəncamından sonra üzvlərinin sayı 40-a düşən Nazirlər Kabinetimiz, nəinki regionda liderdir, hətta dünyanın ən geniş tərkibli hökumətlərindən biridir. Düzdür, son illər Nazirlər Kabineti üzvlərinin sayı bir qədər azaldılıb – 2015-ci ildə Nazirlər Kabinetinin 45 üzvü vardı. Ancaq yenə də hökuməti tərkibini ciddi şəkildə ixtisar etməyə ehtiyac var. Müqayisə üçün qeyd edək ki, əhalisi bizdən 8 dəfə çox olan Türkiyədə 27, Gürcüstanda 20 hökumət üzvü var.

Məlumatlara görə, kadr dəyişilikləri fonunda Prezidentin etimadinını doğrulda bilməyən onlarla icra başçısının da vəzifəsindən uzaqlaşdırılacağı proqnozlaşdırılır…