Siyasət

Qarabağda atəşkəsin ildönümü ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı

Rusiya Xarici İşlər Nazirliyi Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanatın ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

“Bu gün biz 9 noyabr 2020-ci il tarixli bəyanatda təsbit olunmuş razılaşmaların bütövlükdə yerinə yetirildiyini deyə bilərik. Bununla yanaşı, Bakı və Yerevanın onun bütün müddəalarının gələcək reallaşdırılmasına və ciddi əməl olunmasına sadiq qalmaları vacibdir.

9 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. Bunu bizim azərbaycanlı və erməni dostlarımız qiymətləndirirlər.

2 dekabr 2020– ci il tarixindən Rusiya sülhməramlılarının iştirakı ilə ümumilikdə 122 nəfər hərbi əsir və girov götürülmüş şəxs qaytarılıb. Onlardan 105 nəfər Ermənistana, 17 nəfər Azərbaycana qaytarılıb. Öz növbəsində minalanmış ərazilərə dair 3 paket xəritə Azərbaycana verilib.

Rusiya sülhməramlı kontingenti dinc həyatın qurulmasında fəal iştirak edir. Bölgəyə müntəzəm olaraq humanitar yardım gətirilir, ərazilər minalardan təmizlənir (2020-ci ilin noyabrından 1 937 bina yoxlanılıb, 2 311, 5 ha ərazi və 683 kilometr yol təmizlənib, 26 mindən çox partlayıcı əşya aşkar edilib). Həyat üçün zəruri infrastruktur bərpa olunur. 53 min qaçqın öz evlərinə qayıdıb”, – sənəddə deyilir.

“Qalan humanitar məsələlərin, o cümlədən tutulan bütün şəxslərin azad edilməsi, itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi, həlak olanların cəsədlərin verilməsi və minalanmış sahələrə dair səhih xəritələrin tam həcmdə verilməsilə bağlı məsələlərin tezliklə həll olunması üçün səyləri davam etdiririk. Mədəni-dini və tarixi irs obyektlərinin mühafizəsinin təmin edilməsi də aktualdır.

Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021 – ci il tarixli bəyanatında ifadə edilmiş vəzifələri tərəfdaşlarımızla birlikdə ardıcıl şəkildə həyata keçirmək niyyətindəyik”, – bəyanatda qeyd edilir.

“Azərbaycan-Ermənistan dövlət sərhəddində gərginliyin azaldılmasının və onun delimitasiya və demarkasiya prosesinin tezliklə başlamasının vacibliyini qeyd edirik. Bütün zəruri konsultativ yardımı göstərməyə hazırıq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin xəttilə ilk növbədə, regionun qarşısında duran sosial-iqtisadi və humanitar məsələlərin həlli kontekstində səylərimizi davam etdirməyi vacib hesab edirik. Beynəlxalq Qızıl Xaç Komitəsi, Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığı, YUNESKO və digər müvafiq beynəlxalq təşkilatların töhfələrinə də tələbat var.

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına hərtərəfli kömək edəcək, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsilə bağlı məsələlərin geniş dairəsi üzrə bütün səviyyələrdə əlaqələrin genişləndirilməsinə yönələn sülh təşəbbüslərini dəstəkləyəcəyik. Həmçinin Azərbaycan və Ermənistan xalqları arasında inam atmosferinin formalaşması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyət nümayəndələri arasında dialoqa kömək etməyə hazırıq.

Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafına tərəfdarıq”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bənzər yazılar

Back to top button