İqtisadiyyatManşet

Vergi borcu olan 10 manatlıq şirkət yarım milyonluq tenderin qalibi elan olundu (FOTO)

M.F.Axundov adına Milli Kitabxana əsaslı təmir işlərinin satınalması müsabiqəsinə yekun vurub.

AzToday.az xəbər verir ki, 429 min 310 manat 55 qəpik məbləğində olan tenderin qalibi “Koneks Construktion” MMC olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur. Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur.

Şirkətlə bağlı müəmmalardan biri də onun yaranma tarixi ilə bağlıdır. Açıq mənbələrdə qeyd edilir ki, “Koneks Construction” MMC 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Lakin yuxarıda qeyd etdiyimiz kimi Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin 2019-cu ildə yarandığı qeyd edilib. 2019-cu ildə yaradılan “Koneks Construction” MMC-nin 3 il əvvəl necə fəaliyyət göstərib? Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var…

Şirkət 25.02.2021 tarixindən indiyə kimi 18 satınalma müsabiqəsinin qalibi olub. Şirkətin uddu tenderlərdən məlum olur ki, çox profilli fəaliyyət göstərir. Məsələn, bu il Xətai rayon MKTB iyun ayında da “Koneks Constructions” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 80 499.6 AZN olan müqavilədə yumşaq inventar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur. Başqa bir tenderdən isə aydın olur ki, “JEK”-ə yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də asfalt çəkirmiş.

10 manatlıq MMC əsasən Mədəniyyət Nazirliyi, icra hakimiyyətləri və universitetlərin keçirdiyi tenderləri qazanmaqda davam edir. Şirkətlə bağlı yayılan məlumatlarda ən maraqlı məqam isə müsabiqələrə vergi borcu ola-ola qatılıb, tenderləri qazanması ilə bağlıdır.

Yeri gəlmişkən qeyd edək ki, şirkətin bu günə 197 manat məbləğində vergi borcu var. Vergi borcu olan şirkətin isə tenderlərə qatılması isə qüvvədə olan qanunvericiliyə görə qadağandır.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button