ManşetSiyasət

Patriarxın son savaşı… – Heydərov sonuncu “yağlı tikəni” əlində saxlaya biləcəkmi?

Fövqaladə Hallar Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında gizli savaş gedir. Əgər bu savaşı Komitə qazanarsa, FHN-nin demontaj olunması prosesi sona çatacaq…

Bir zamaların fövqəlnaziri, hazırda isə sıradan bir nazirə çevrilən və dövlətin idarə olunmasında demək olar ki, bütün rolunu itirən Kəmaləddin Heydərov indi əlindəki son “yağlı tikəsini” də itirmək təhlükəsini yaşayır. Belə ki, Fövqəladə Hallar Nazirliyi tikintiyə nəzarət funksiyasını itirə bilər ki, bu da əslində Kamaləddin Heydərovun nüfuz dairəsinin məhdudlaşdırılmasına son zərbə olaraq dəyərləndirilməlidir.

Bu barədə pia.az-a daxil olan məlumata görə artıq bir müddətdir ki, tikintiyə nəzarət uğrunda Fövqaladə Hallar Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında gizli savaş gedir. Məlumata görə Tikintiyə Nəzarət Xidmətinin bir çox funksiyaları yaxın zamanlarda “Bir pəncərə” ASAN Xidmətinə verilə bilər və artıq bunun üçün böyük hazırlıqlar arxada buraxılıb. Lakin məsələnin mübahisəli tərəfi ondan ibarətdir ki, ASAN Xidmətdə tikinti təhlükəsizliyinə aid sənədləşdirilməni kim həyata keçirəcək? Yəni bu səlahiyytələr hansı quruma veriləcək. Fövqaladə Hallar Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında gizli savaş da bununla bağlıdır. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu səlahiyyətləri özü üçün istəyir. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ancaq tikintiyə icazə verir və layihələri təsdir edir. Lakin məntiqi olaraq Komitə tikintidə son prosesə qədər nəzarəti öz əlində toplamağa çalışır və bunun üçün də mübarizə aparır.

Qeyd edək ki, tikintilərdə təhlükəsizliyə nəzarəti isə hazırda Fövqaladə Hallar Nazirliyi həyata keçirir.

Prezidentin sərəncamı ilə 2006-cı ildən FHN-nin nəzdində “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi” fəaliyyət göstərir və bu Agentlik əslində FHN-nin ən “yağlı tikəsi” hesab olunur. Əsasnaməyə əsasən, Agentlik ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Yəni əslində bütün tikinti prosesi və tikintinin istismara qəbul olunması üzərində Kamaləddin Heydərovun birbaşa monopoliyası mövcuddur. Nəzərə alsaq ki, son 20 ildə Bakı şəhəri tikinti meydançasına çevrilib və ölkənin bir çox rayonlarında böyük tikinti işləri gedir, bu halda Kamaləddin Heydərovun əlində olan bu “tikənin” nə qədər “yağlı” olduğu da özü-özlüyündən məlum olur.

“Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi”nə isə Heydərovun ən sadiq adamlarından biri Cəbrəyıl Xanlarov rəhbəırlik edir. Xanlarovun adı zaman-zaman yerli mətbuatda müxtəlif rüşvət və korrupsiya qalmaqallarında hallansa da, onun Kəmaləddin Heydərov üçün vaz keçilməz adamlardan biri olduğu deyilir.

Bəzi məlumatlara görə Kəmaləddin Heydərov tikintiyə nəzarətin əlindən alınmasını rəhbərlik etdiyi qurumun “klinik ölümü” kimi dəyərləndirir və heç bir halda bu nəzarəti əlindən verməklə nazir olaraq fəaliyyətini davam etdirməyi proqnozlaşdırmır. Mənbə qeyd edib ki, hazırda rəsmi və qeyri FHN tikinti aparan qurumlara müxtəlif xəbərdarlıqlar ünvanlayır və bu xəbərdarlıqlar bir çox hallarda FHN-nin rəsmi pres-relizləri kimi də yayımlanır.

Mənbə iddia edir ki, əgər aparılan gizli savaşda obyektiv və subyektiv səbəblərdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qalib gələrsə, bu əslində FHN-nin “demontaj” olunmasının son mərhələsi olacaq və bu itki ilə faktiki oaraq Kəmalədiin Heydərovun bir zamanlar ümumölkə səviyyəsində formalaşdırdığı korrupsiya şəbəkəsindən kənara itələnməsi ilə yanaşı, həm də onun son “gəlir yeri”ndən də məhrum olması kimi dəyərləndirilə bilər.

Bənzər yazılar

Back to top button