Tarixi və mübahisəli anlaşma…

10 noyabr Bəyanatı nə sülh müqaviləsidir, nə atəşkəs sazişidir, nə də kapitulyasiyadır: hər şeydən bir az var, amma heç nə tam deyil

by Aztoday Xəbər Portalı

Müəllif: Şahin Cəfərli

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanan və 44 günlük İkinci Qarabağ Müharibəsinə son qoyan üçtərəfli Bəyanatın bir ili tamam oldu. Noyabrın 8-də Şuşanın azad olunması xəbəri elan edildikdən sonra Azərbaycan ictimaiyyəti Xankəndi başda olmaqla, bütün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin və qalan 3 rayonun da azad olunaraq münaqişəyə nöqtə qoyulmasını gözləyərkən fərqli və şübhəli hadisələr baş verməyə başladı…

Noyabrın 9-da sübh tezdən Rusiyanın Ulyanovsk vilayətinin qanunverici orqanının sədr müavini, kommunist Ayrat Qibatdinov “Instagram”da hərbi avtomobil karvanını göstərən video yerləşdirərək belə bir qeyd paylaşdı: “31-ci briqada Dağlıq Qarabağa gedir. Bu müharibə kimə lazımdır???! Bizim uşaqlara uğurlar!” Paylaşım dərhal böyük səs-küy doğurdu və Qibatdinov izahat verdi ki, bu barədə hər hansı rəsmi məlumata malik deyil, sadəcə, əsgərlərin öz aralarında Qarabağdan danışdıqlarını və dünən (8 noyabr) axşamdan bəri uçuş barədə əmr gözlədiklərini eşidib.

Noyabrın 9-da axşam saatlarında isə Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması xəbəri gəldi. Bu xəbər Azərbaycanda şok yaratdı. Axı, qələbənin bir addımlığında ikən Rusiya helikopterinin vurulması kimə, nəyə lazım idi?! Bu hadisədən heç yarım sutka keçməmiş, gecəyarısı, üçtərəfli Bəyanat imzalandı və dərhal Rusiya sülhməramlı qüvvələri Gorus istiqamətindən Azərbaycan ərazisinə daxil olmağa başladı.

Həmin gecə daha bir şübhəli olay isə Bakı istiqamətinə raket atılması və onun Azərbaycan HHM sistemi tərəfindən havada zərərsizləşdirilməsi idi. Raket Ermənİstandan atılmışdı, yoxsa Rusiyadan? İndiyədək də bu olay barədə rəsmi açıqlama yoxdur. Amma istər helikopterin vurulması, istərsə də Bakıya raket atılmasının arxasında Rusiyanın dayandığına dair Azərbaycan ictimaiyyətində demək olar ki, yekdil rəy formalaşıb.

10 noyabr Bəyanatı unikal bir sənəddir: o, hərbi əməliyyatlar zonasında atəşkəsi təmin edir (1-ci maddə), amma təkcə atəşkəs razılaşması deyil. Sənəd həm işğal altındakı 3 rayonun öz sahibinə qaytarılmasını, həm sülhməramlı əməliyyatın keçirilməsini, həm də postmüharibə tənzimlənməsi, o cümlədən sülh quruculuğuna dair bəzi məsələləri ehtiva edir.

“Sülh quruculuğuna dair bəzi məsələlər” cümləsini təsadüfi yazmadıq, çünki 10 noyabr Bəyanatı sülh müqaviləsi də deyil. O, münaqişəyə nöqtə qoymur. Tərəflər arasında atəşkəs rejimindən, yeni təmas xəttindən söhbət gedirsə, ümumiyyətlə, TƏRƏFLƏR ibarəsi və anlayışı hələ də qalırsa, ərazidə ağır hərbi texnika ilə silahlanmış sülhməramlı qüvvələr keşik çəkirsə, onda ixtilafın tam həll olunduğunu necə söyləmək olar?

Bəyanatda kapitulyasiya elementləri var, amma bu, kapitulyasiya aktı da deyil. Kapitulyasiya elementləri kimi 3 rayonun (Laçın, Kəlbəcər, Ağdam) işğalçı tərəfindən boşaldılması və oradan öz qüvvələrini çıxarmasını qeyd edə bilərik, amma müharibənin tamamilə Azərbaycan ərazilərində getdiyini unutmaq olmaz. Yəni qalib tərəf məğlub tərəfi evinə qədər qovaraq orada təslimçilik aktı imzalatdırmaqla, münaqişəni bitirməyib. Üstəlik, qalib tərəfin ərazisində məğlub tərəfin silahlı qüvvələri hələ də qalır, sülhməramlı əməliyyatın keçirildiyi ərazi isə hələ ki onun sahibinin nəzarətindən kənardadır. Belə kapitulyasiya olmur.

10 noyabr Bəyanatı, adından da göründüyü kimi, bəyanatdır, yəni deklarativ sənəddir, dövlətlərarası və hökumətlərarası müqavilə deyil. Bu sənədin niyə müqavilə şəklində imzalanmadığı məlum deyil, bu barədə hər hansı rəsmi açıqlamaya rast gəlməmişik. Belə gümanlar var ki, Azərbaycan və Ermənistan bir-birini rəsmən tanımadıqları üçün onların arasında dövlətlərarası və ya hökumətlərarası müqavilə imzalana bilməzdi. Amma bu, qaneedici bir izahat deyil. Böyük ehtimalla əsas səbəb odur ki, müqavilə parlamentlərdə ratifikasiya tələb edir və bu prosedur üçün müəyyən zaman lazımdır. Xüsusən Ermənistan parlamentinin müxalifətin kütləvi etirazları və ictimai təzyiq fonunda bu sənədi qısa müddətdə təsdiqləyə biləcəyi şübhəli idi. Rusiya isə çox tələsirdi və üçtərəfli Bəyanat hələ imzalanmadan sülhməramlı briqadasının ilk bölmələrini Ermənistana göndərmişdi.
Deklarativ bir sənədlə Azərbaycan ərazisinə başqa dövlətin silahlı qüvvələrinin daxil olması nə dərəcədə qanunidir? Bu da ən azı mübahisəlidir. Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin 17-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi Milli Məclis tərəfindən həll edilir. 10 noyabr Bəyanatı bu maddənin təsiri altına düşür, ya yox? Qəti fikir söyləmək çətindir. İstənilən halda, hüquqdan əlavə, adi məntiq də var: parlamentin xəbəri olmadan, onun müzakirəsi və təsdiqindən keçmədən ölkə ərazisinə başqa dövlətin ordusunun buraxılması legitim qərar kimi görünmür.

10 noyabr Bəyanatı ilə Qarabağda sülhməramlı əməliyyat başlayıb, lakin bu, sülhməramlı əməliyyatı tənzimləyən sənəd də deyil. Sülhməramlı qüvvələrin səlahiyyət çərçivəsini, mandatını müəyyən edən ayrıca sənəd lazımdır, hələ ki belə bir sənəd razılaşdırılmayıb. Bəyanatın yalnız üç maddəsində sülhməramlılardan bəhs olunur: 3-cü maddədə Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu 1960 sayda sülhməramlı kontingentin yerləşdirilməsindən, onların sərəncamındakı hərbi, avtomobil və xüsusi texnikanın sayından; 4-cü maddədə sülhməramlıların erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsindən və onların ərazidə qalma müddətindən; 6-cı maddədə isə Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşasından sonra həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsindən bəhs olunur. Əlavə heç bir detal yoxdur.

Başqa bir problem: Bəyanatda “sülhməramlıların məsuliyyət zonası”ndan bəhs olunmur. 3-cü maddədə Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi müəyyən edilib, halbuki hazırda Qarabağda təmas xəttinin erməni tərəfindəki bütün ərazi Rusiya komandanlığının nəzarəti altındadır. Digər problemli məqam budur ki, Bəyanat Laçın dəhlizindəki Rusiya sülhməramlılarının üzərinə Dağlıq Qarabağa hərbi qüvvə, silah-sursat daşınması, oradan gediş-gəlişlərin qarşısını almaqla bağlı hər hansı öhdəlik qoymur. Bəyanatın 1-ci maddəsi ilə 4-cü maddəsi arasında ziddiyyət var: Azərbaycan 4-cü maddəyə (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir) istinadla tələb edir ki, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır və orada yerli ermənilərin də silahlı dəstələri ola bilməz. Qarşı tərəf isə buna qarşı 1-ci maddəyə (Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar) istinad edir. Daha bir mübahisəli məsələ kimi sülhməramlı əməliyyatın keçirildiyi ərazidə humanitar məsələlərin həlli və infrastrukturun bərpası məqsədilə Rusiya prezidentinin fərmanı ilə İdarələrarası Mərkəz yaradılmasını göstərmək olar. Xankəndində yerləşən Mərkəzdə Rusiyanın müxtəlif nazirliklərinin və dövlət idarələrinin nümayəndələri təmsil olunur. Bu qurum Rusiya hökumətinin Qarabağda yaradılmış mini modelidir və Azərbaycan Respublikasının həmin Mərkəzin fəaliyyətində, qərarlarının qəbulunda heç bir iştirakı yoxdur.

Bir sözlə, 10 noyabr Bəyanatı problemi həll etmir və yeni suallar yaradır. Beynəlxalq münasibətlərdə Henri Kissincerə adi edilən “konstruktiv ikimənalılıq” (contructive ambiguity) deyilən bir anlayış var. Danışıqlarda, razılaşmalarda şüurlu şəkildə çoxmənalı formullardan istifadə olunur. Sənədlərə aydın və konkret olmayan elə ifadələr, cümlələr daxil edilir ki, tərəflərin hər biri onu öz maraqlarına uyğun şərh edir. Rus dövlət ağlının 10 noyabr Bəyanatını “konstruktiv ikimənalılıq” anlayışına uyğun hazırladığı göz önündədir.

Mənbə: pressklub.az

Bənzər Yazılar