Cəmiyyət

İstilik sistemi ilə bağlı vəziyyət acınacaqlıdır və qışa hazır deyil

Noyabrın 10-u günün ikinci yarısından başlayaraq noyabrın 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit və yağıntılı keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Havalar soyuduqca əhalini ənənəvi sual maraqlandırır – bəs bu il ölkə qışa hazırdırmı?

«Azəristiliktəchizat» ASC-dən Turana bildirilib ki, 2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar qurum tərəfindən istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.

Qurumdan bildirilib ki, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən başlayıb, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması nəzərdə tutulub. «Mövsüm ərzində bizə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur».

ASC-dən vurğulanıb ki, bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

«Azəriqaz» İstehsalat Birliyindən isə Turana bildirilib ki, qurumun rəhbərliyi işçilərinin qarşısında belə bir tələb qoyub – ilin bütün fəsli qışa hazırlıqdır. «Bütün aylarda hazırlıq prosesi gedir ki, qışda vətəndaşlara təhlükəsiz və davamlı mavi yanacağı verə bilək. 1000 kilomterlərlə boru xətlərinin yenisi ilə əvəzolunması, yeraltı xətlərin yerüstü xətlərlə əvəz olunması, qazpaylayıcı şəbəkələrin daim saz vəziyyətdə olması, hissələrinin dəyişməsi prosesi ilin istənilən fəsillərində aparılır».

«Azərişıq» ASC-dən isə bildirilib ki, respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyat keçirilib. «Mövsümi xarakterli işlərin görülməsi tədricən tarixin arxivinə qovuşur. Belə ki, həyata keçirilən yenidənqurma və bərpa işləri müasir metodlarla aparıldığından, görülən tədbirlər bütün fəsillər üçün keçərlidir».

Qeyd olunub ki, qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilib. «Təbiət hadisələri, kənar müdaxilə faktorlarının istehlakçıların fasiləsiz enerji təminatına təsirini minimuma endirmək üçün «Azərişıq» ASC müasir elektrik enerjisi təchizatı sistemlərini xüsusi ilə formalaşdırır».

Bakı İcra Hakimiyyətindən də Turana bildirilib ki, Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri davam edir. «Şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra təmir işləri aparılıb, əlavə tədbirlər görülüb».

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də bildirib ki, dünya praktikasında qış mövsümünə keçidlə bağlı şəhər təsərrüfatının idarə olunması kimi geniş təcrübə var. «Orada müəyyən aspektlər var. Onlardan biri kommunal sistemlərin bərpası, yenidən hazırlanması və müəyyən çatışmazlıqların aradan qaldırılması prosesidir, hansı ki qazanxanaların, istilik sistemlərə aiddir».

Ekspert deyir ki, digər məsələ avtomobil yollarının qışa hazırlığı ilə bağlıdır. «Rusiyada, Skandinaviya ölkələrində qış sərt olduğuna görə, öncədən duz, qum qarışıqları və bu kimi materiallar öncədən tədarük olunur, bunkerləşdirilir və oradan da mövsümün sərt dövründə yolların mühafizə sistemlərinin qurulması, yolların buzlaşmanın aradan qaldırılması üçün tədbiq olunur».

Onun sözlərinə görə, Azərbaycanda mövsümdən mövsümə keçid daha çox korrupsiya xarakterli bir hadisədir. «Qışa hazırlığı ilə bağlı ayrılan maliyyə vəsaitlərinə və silinən maliyyə vəsaitlərinə nəzər yetirsək görəcəyik ki, görülən iş bu maliyyə ilə heç vaxt adekvat olmayıb. Məsələn, yolları buz bağlayır, texnika çatışmazlığı baş verir, nəticədə isə zəncirvari qəzalar olur. Düzdür, son illər bir qədər qum-duz qarışıqlarını bəzi prospektlərin ortasında qoyurlar, amma gecə ilə qəflətən qar və şaxta bizi yaxalayanda biz yolların buzlaşmasının və şəhərin iflic vəziyyətinə düşməsinin şahidi oluruq».

İ.Hüseynli qeyd edib ki, yeni binalarda istilik sistemləri normal işləsə də, köhnə binalarda istiliyin təchizatı ilə bağlı problemlər mövcuddur. «Özəl binalarda müəyyən işlər görülür, amma SSRİ dönəmindən qalmış binaların böyük əksəriyyətində istilik sistemi ilə bağlı vəziyyət bərbaddır və qışa hazır deyil».

Bənzər yazılar

Back to top button