Sahil Babayev 211 min nəfərin pensiyasını kəsməklə öyünür: 500 milyon manat pul yığıb…

by Aztoday Xəbər Portalı

“Cari ilin 10 ayında təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Xərclərin optimallaşdırılması və əsassız pensiya işlərinin ləğvi üzrə aparılan işlər nəticəsində 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 246 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib”, – nazir vurğulayıb.

AzToday.az xəbər verir ki, iqtisadçı Nemət Əliyev Sahil Babayevin açıqlamasına sərt reaksiya verib:

“Nazir Sahil Babayevin deməyindən belə çıxır ki, ondan əvvəlki nazirlər yırtıcıymışlar, ucdantutma saxta pensiyalar təyin etməklə məşğul olurmuşlar. Belə pensiyaların sayları da o qədər çoxdur ki, hələ də sonuna gəlib yetişə bilmir. Təsəvvür edirsinizmi? Bu ilin 10 ayında ləğv edilmiş pensiyalar hesabına Sahil Babayevin əldə etdiyi milyonlar əvvəlki ildəkindən 2 dəfə, bir əvvəlki ildəkindən 4 dəfə, daha əvvəlki ildəkindən isə 20 dəfə çoxdur. Nazir 3 il 10 aya 1 milyarda yaxın pul toplayıb. Tutalım ki, hər şey nazir Sahil Babayevin dediyi kimidir. Belə olan halda çox əsaslı yek sual yaranır ki, bəs prezident həmin o yırtıcı nazirləri vəzifələrə necə təyin edibmiş? Bəs maiyyə nazirliyi, Hesablama Palatası, maliyyə vəsaitlərinə dövlət nəzarətini həyata keçirməli digər sturkturlar nə işlə məşğul olurmuşlar ki, qulaqlarının dibindən çırpışdırılan 100 milyonlardan xəbərləri olmurmuş”.

Sahil Babayevin dediyi “saxta” pensionerlər bunlardır. Sayları ilə siz də tanış olun! 2018-ci ilin əvvəlindən 2021-ci ilin yeddinci ayının əvvəlinə qədər olan dövrdə 211 min 151 nəfərin çörəyini kəsib, işığını söndürüblər. Hələ bu prosesi 2023-cü ilin əvvəlinə qədər, hətta ondan sonrakı dövrdə də davam etdirmək fikirləri var”.

Bənzər Yazılar