Kreml Azərbaycanın təhlükəsizlik maraqları ilə hesablaşmır (ŞƏRH)

by Aztoday Xəbər Portalı

Rusiya 10 noyabr tarixinə özünəməxsus şəkildə hazırlaşıb və bu “hazırlıqlar” Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.

Birincisi, Qarabağda Rusiya hərbçilərinin hərbi düşərgəsinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” açılıb. Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub.

İkincisi, işğal altındakı Xocalıda kilsə inşa ediblər.

Üçüncüsü, rusiyalı sülhməramlıların keçmiş komandanı Rüstəm Muradov yenə Qarabağa gələrək Moskva bəyanatının qəbul edilməsinin bir illiyi ilə bağlı medallar paylayıb.

Azərbaycanda rus ədiblərinə, Lermontovdan tutmuş Puşkinə qədər böyük hörmət var, əsərləri məktəblərdə tədris olunur. Bakının mərkəzi bağlarının birində Puşkinə heykəl də qoyulub. Ancaq Rusiya hərbçilərinə kim səlahiyyət verib ki, onlar Azərbaycanın işğal altındakı torpaqlarında büstlər qoya bilərlər? 1992-ci ildə erməni separatçılarının Rusiyanın 366-cı alayı ilə birgə Xocalıda törətdikləri soyqırım ərazisində başqa heykəl də qoyulub.

– Rusiyalı əsgər ona gül verən erməni qızına minnətdarlığını bildirir. Xocalıda kilsə inşa edilməlidirsə, buna da qərarı Moskvada deyil, Bakıda verməlidirlər. Rüstəm Muradova gəldikdə, bu hərbçi işğal altındakı torpaqlara səfərlərinə ara vermir. Rusiya Müdafiə Nazirliyi bu hərbçini başqa vəzifəyə təyin etməsinə baxmayaraq, onu tez-tez Qarabağa göndərir. Qarabağda Rusiya sülhməramlılarının başqa komandanı olduğu halda Rüstəm Muradovun tez-tez Qarabağa ezam olunması bir başqa müəammadır.

Qarabağda kilsənin tikintisi, abidələrin qoyulması birbaşa Moskvanın təlimatıyla həyata keçirilir. Əgər Rusiya Müdafiə Nazirliyi Qarabağdakı hərbçilərinin fəaliyyəti – inşaat çalışmaları, kilsə və abidələrin qoyulması barədə Azərbaycan Müdafiə Nazirliyini əvvəlcədən məlumatlandırmırsa demək Moskva Bakı ilə hesablaşmır.

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı silahlı insidentlər barədə də yaydığı açıqlamalarda ermənilərin “məntiqinə” əsaslanır. Şuşada 8 noyabrda Zəfər bayramının keçiriləcəyi və həmin tədbirdə dövlət başçısı İlham Əliyevin xarici qonaqlarla birgə iştirakı əvvəlcədən bəlliydi. Rusiya hərbçilərin Qarabağdakı komandanı bunu bilərkən ermənilərin Şuşa yaxınlığında “su borularının dəyişdirilməsi” adı altında şübhəli çalışmalarını əngəlləyə və ya başqa tarixdə keçirilməsini təmin edə bilməzdimi? İnsident baş verdi və Rusiya ermənilərin itki verdiyi xəbərini yayımladı.

Azərbaycan rəsmilərinin və dövlət strukturlarının açıqlamalarında doğru olaraq “müvəqqəti bölgədə yerləşdirilmiş sülhməramlı qüvvələr” ifadəsi yazılır. Ancaq bu azdır. “Müvəqqəti” dediymiz rusiyalı hərbçilər hələ 4 il bölgədə qalacaqlar və bu müddətdə gördüklərimizdən başqa əlavə təxribatların da şahidi ola bilərik. Bu mövzularda Moskva ilə müzakirələr aparılmalıdır, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda rusiyalı hərbçilərin iştirakı ilə baş verən və cəmiyyətimizi narahat edən hər məsələylə bağlı Rusiya Müdafiə Nazirliyindən hesabat istəməlidir. Rusiya prezidenti Vladimir Putin bircə dəfə müdafiə naziri Sergey Şoyquya “Qarabağdakı planlarınızı və çalışmalarınızı Bakı ilə də bölüşün” desə məsələ böyük ölçüdə həll olunar. Putinin Şoyquya belə bir təlimat verməməsi Kremlin Azərbaycanın təhlükəsizlik maraqları ilə hesablaşmadığı anlamına gəlir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər Yazılar