GündəmManşetSiyasət

Ermənistan vəziyyəti nədən gərginləşdirir (ŞƏRH)

Dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində təxribat törətməyə cəhd göstərməsi ilə bağlı məlumat yayıb.

Bir gün əvvəl də qurum Kəlbəcər rayonu istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikası Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmasını bildirib.

Ermənistanın Müdafiə Nazirliyi isə noyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumatı «açıq dezinformasiya» adlandırıb. Qurum iddia edib ki, Azərbaycan silahlı qüvvələri Qaragöl ərazisində «təxribat» etməyə çalışıb.

Dağlıq Qarabağ və sərhəddə vəziyyət nədən gərginləşib?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, son günlər postmünaqişə dövrünə xarakterik olmayan gərginlik müşahidə olunmaqdadır. «Qarşıda Azərbaycan və Ermənistan siyasi liderlərinin Rusiya vasitəçiliyi ilə görüşün keçirilməsi haqqında mülahizələr səslənirdi. Amma biz nəyinki görüş, biz yeni gərginlik ocaqlarının yaranması haqqında məlumatlar eşidirik».

O, qeyd edib ki, bir yandan Ermənistan müdafi naziri qanunazidd addım ataraq Qarabağa səfər edir, ikinci tərəfdən Ermənistan Xarici işlər naziri Qarabağda yaşayan ermənilərin Azərbaycan tərkibində mövcudluğunu qeyri-mümkünlüyü haqqında fikirlər səsləndirdi. «Paşinyanın ritorikasında da çox ziddiyyətli fikirlər yer alır. Noyabrın 8-də isə Azərbaycanda çox böyük şadyanalıq tədbirlər keçirildiyi zaman Şuşa yaxınlığında ermənilər növbəti təxribatçı addımlar atmağa başladılar. Son bu hadisələr deməyə əsas verir ki, Ermənistan tərəfi bütün bunları məqsədyönlü şəkildə həyata keçirir».

Deputatın sözlərinə görə, Ermənistan dəfələrlə mühüm siyasi qərarlara imza atmağa hazırlaşarkən bu ölkədə ya terror hadisəsi, ya da inqilab baş verir. «İndi da Paşinyanın qarşıdakı danışıqlar fonunda sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı sənədlərə imza atacağı ilə əlaqədar məlumatlar yayıldığı bir reallıqda bu hadisələr baş verir».

Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, İlham Əliyev və Nikol Paşinyan arasında danışıqların olacağı və hər hansı sənədin imzalanacağı ilə bağlı məlumatlar yayılmışdı. «Amma sonradan bəlli oldu ki, Ermənistan cəmiyyətində bununla bağlı müəyyən etirazlar var. Sonra Paşinyanın davranışında açıq sezilirdi ki, sanki o, bütün bu prosesləri saxladı və davam etmək istəmədi, çünki daxildə ona təzyiq var».

Ekspertin fikrincə, Ermənistan daxildəki bu etirazlar, üstəgəl Rusiyanın Azərbaycan və Ermənistan arasında imzalanacaq hər hansı bir sazişinin Rusiyanın maraqlarına uyğun gəlməməsi məsələsi müəyyən bir gərginliyə yol açmış ola bilər.-0-

O, qeyd edib ki, danışıqlar dalana dirənib. «Ermənistan rəhbərliyi hazırda taym-aut götürüb və prosesi uzatmaq istəyir. Rusiyanın açıqlamalarından da görünür ki, o özü də sülh müqaviləsinin imzalanmasında o qədər də maraqlı deyil. Çünki bu baş versə, Dağlıq Qarabağ statusu məsələsi tamamilə bitmiş olacaq və belə olan təqdirdə Rusiya sülhməramlılarının orada qalmasının bir mənası qalmır».

Bənzər yazılar

Back to top button