ManşetSiyasət

1995-ci il konstitusiyasına edilən dəyişikliklər vətəndaşların hüquqlarını məhdudlaşdırıb

Noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. SSRİ dağılandan sonra müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul olunub. 2002-ci il avqust, 2009-cu il mart və 2016-cı il sentyabrında referendum yolu ilə Konstitusiyaya dəyişiliklər edilib.

Hazırda Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.

Bəs Azərbaycanda nə dərəcədə Konstitusiyaya əməl olunur?

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc Turana bildirib ki, müstəqillik qazanandan yalnız 4 il keçəndən sonra Azərbaycanda Konstitusiya qəbul edildi.

«Ondan sonrakı dövr ərzində ən mühüm dövlət quruculuğu siyasəti, hüquq, siyasi azadlıqlar, medianın fəaliyyətin formalaşması məhz qeyd etdiyimiz Anayasanın hesabına baş verdi. Bu, özü özlüyündə Sovetlər Birliyindən sonra gerçəkdən müstəqil ölkənin həyatında mühüm bir hadisə idi».

Onun sözlərinə görə, Konstitusiyanın ən ali dəyərlərinin, mühüm prinsiplərinin, ondan irəli gələn qanunların, hüquqi aktların mükəmməl işləməsi üçün müxtəlif təminatlar gərəkdir.

«İctimai institutların inkişafı, dövlət-vətəndaş münasibətlərinin arzu etdiyimiz qabaqcıl ölkələrin səviyyəsinə qalxması, xarici müdaxilələrə və basqılara qarşı vahid mövqenin formalaşması yalnız bir hüquqi aktın qəbulu ilə məhdudlanmır. Sonrakı dönəmdə bütün mühüm institutların birgə fəaliyyəti tələb olunur ki, hüquqi münasibətləri yüksək səviyyəyə qaldırasan».

Deputat qeyd edib ki, Azərbaycan ərazilərinin işğal altında olması Konstitusiyanın ən ali prinsipi olan suverenliyin Azərbaycanın bütün coğrafiyası üzərində bərqərar olmasına mənfi təsir göstərdi.

O, vurğulayıb ki, Konstitusiyaya bir neçə dəfə aparılan dəyişikliklər sübut etdi ki, dövlət cəmiyyətdən gələn çağırışları, həmçinin regional və beynəlxalq məkanda yaşanan hadisələri nəzərə alaraq Konstitusyon islahatları həyata keçirmək məramında və gücündədir.

Komitə üzvünün fikrincə Vətən Müharibəsində qələbədən sonra ölkənin artıq bütün ərazisi üzrə Konstitusiyanın bütün normalarını bərqərar etmək, o cümlədən vətəndaşların hüquq və azadlıqlarını daha da genişləndirmək, bir sıra beynəlxalq qabaqcıl normaların Azərbaycan qanunvericilik sisteminə gətirməsi yönündə görüləcək işlər çoxdur.
«O üzdən əgər hardasa qanunlar pozulursa, hazırkı dönəmdə bu qabiliyyətdən sonra idarə sistemində təkmilləşməni daha da güclü apararaq, cənab Prezidentin 2019-cu ildə yeni hakimiyyət quruculuğu siyasətini daha da gücləndirərək Konstitusiyanı cəmiyyətin ən ali dəyəri kimi bərqərar etməliyik».

Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə bildirib ki, 1995-ci ildə qəbul olunan Konstitusiyada xeyli yaxşı müddəalar var idi.

«Bəzi nüansları çıxmaq şərtilə ümumən beynəlxalq standartlara cavab verən bir əsas qanun idi. Lakin sonra 3 dəfə Konstitusiya dəyişikliyi oldu. Bu dəyişikliklər nəticəsində əsasən hüquqlarının məhdudlaşdırılması, icra hakimiyyətinin səlahiyyətlərinin genişləndirilməsi, rolunun artırılması baş verdi və Konstitusiyanı mənfiyə apardı».
Ekspertin fikrincə, Konstitusiyada daha geniş insan hüquqlarının genişləndiliməsinin təminatına xidmət edən, qanunverici və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin artırılmasına daha geniş formada əlavə və dəyişikliklərə ehtiyac var. «Bu gün Azərbaycan Konstitusiyasında insan hüquqlarının tədbiqi, məhkəmələrin müstəqilliyi ilə bağlı xeyli problemlər var. Bunun nümunələri kimi insan hüquqlarına dair beynəlxalq hesabatlarını və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını göstərmək olar».

Bənzər yazılar

Back to top button