Hadisə

Ali Məhkəmənin Plenumu Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması barədə məhkəmə qərarlarını ləğv edib

Azərbaycan Ali Məhkəməsinin Plenumu Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırlması barədə yerli məhkəmələrin çıxardığı bütün qərarları ləğv edib. O, Vəkillər Kollegiyasının təqdimatı ilə uzaqlaşdırılmışdı.

Aihmaz.org saytının məlumatına görə, Plenumun qərarı üşün səbəb Avropa İnsan Haqları Məhkəməsinin onun şikayəti üzrə 2020-ci ilin martında qəbul etdiyi qərardır.

Ali Məhkəmə əvvəlki qərarları ləğv edərək işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəliyi bu haqda Avropa İnsan Haqları Məhkəməsi Qərarlarının İcrasına Nəzarət Departamentini məlumatlandırıb.

“Viza” Hüquq Firmasının rəhbəri Aslan İsmayılovun vəkillik fəaliyyətinə 2013-cü ildə Nərimanov rayon məhkəməsinin qərarı ilə xitam verilmişdi.

Məhkəmə müəyyənləşdirib ki, İsmayılov qanunsuz şəkildə hakimlərin otağına daxil olub, təhqirə, təhdidə yol verib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. 2014-cü ildə Ali Məhkəmə işi apellyasiya instansiyasına qaytarıb, Apellyasiya Məhkəməsi öz qərarını yenidən təsdiqləyib. Ali Məhkəmə ikinci dəfə İsmayılovun kassasiya şikayətini rədd edib.

Aslan İsmayılov Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib və məhkəmə İsmayılovun işi üzrə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasını müəyyən edib.

Xatırladaq ki, Avropa Şurası Nazirlər Komitəsi İsmayılov və daha iki vəkil – Elçin Namazov və Xalid Bağırovla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasına nəzarət edir.

Hər üçü Vəkillər Kollegiyasından xaric edilib və bütün hallarda Avropa İnsan Haqları Məhkəməsi ərizəçilərin xeyrinə qərar çıxarıb.

Avropa Şurası sonuncu dəfə bu ilin sentyabrında bu vəkillərin qərarlarının icrasını müzakirə edib.

Təşkilatın yekun qərarında vurğulanır ki, Xalid Bağırov, Elçin Namazov, Aslan İsmayılov Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməlidir.

Bənzər yazılar

Back to top button