Siyasət

Türk Şurası Türk Dövlətləri Təşkilatı adlandırılıb

İstanbulda VIII sammit zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatı adlandırılıb.

“Biz Şuranın adını dəyişdirməyi qərara aldıq. Bundan sonra o, Türk Dövlətləri Təşkilatı adlanacaq. Yeni ad və strukturun sayəsində təşkilat daha da inkişaf edəcək, möhkəmlənəcək və güclənəcək”, – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yekun bəyanatla çıxış edərək bildirib.

Türk Dövlətləri Təşkilatının fəaliyyəti başqa ölkələri narahat etməməlidir: “Türk ölkələri minilliklər ərzində mədəniyyət və sivilizasiya mərkəzi olaraq qalıb. Mən əminəm ki, bundan sonra da belə olacaq. Türk Dövlətləri Təşkilatı heç kimi narahat etməməlidir. Əksinə, tarixi birliyə əsaslanan bu yüksələn qurumun bir hissəsi olmağa çalışmaq lazımdır. Bu təşkilat dövlətlərarası əlaqələrin inkişaf platformasıdır”.

Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləridir, Macarıstan və Türkmənistan isə müşahidəçi qismində iştirak edirlər.

Ərdoğan Şimali Kipr Respublikasının təşkilata qəbuluna tərəfdar olduğunu bildirib.

Özbəkistan prezidenti türk dövlətlərinin Ticarət Əməkdaşlığı üzrə Araşdırmalar Mərkəzinin yaradılmasını təklif edib. Mərkəz ticarət maneələrinin aradan qaldırılması, elektron kommersiyanın tətbiqi, ixrac və idxalın həcminin artırılması üzrə təkliflər hazırlayacaq.

O həmçinin əməkdaşlığın daha bir prioritet istiqamətini – nəqliyyat və tranzitin inkişafını, türkdilli ölkələrin ərazisindən keçməklə Çindən Avropaya yeni transkontinental dəhlizlərin yaradılmasını qeyd edib.

Türk ölkələri liderlərinin işinin nəticələrinə dair yekun sənəd qəbul edilib. Sənəddə əsasən “Türk Dünyası 2040 Vizyonu” konsepsiyasından danışılır. Bu, “türk dünyasında ümumi maraq kəsb edən müxtəlif sahələrdə gələcək əməkdaşlığı müəyyən edən” strateji sənəddir.

Bundan əlavə, liderlər Əfqanıstana ekstren yardım göstərilməsi çağırışı ilə çıxış ediblər.

Həmçinin tərəflər Afrika ölkələrinə koronavirus üçün 2,5 milyon doza vaksin bağışlamaq barədə razılığa gəliblər. İki milyon dozanı Ankara, qalan 500 min dozanı isə Azərbaycan, Macarıstan və Qazaxstan ayıracaq.

Liderlər həmçinin “üzv dövlətlərin beynəlxalq forumlarda fəal əməkdaşlığını möhkəmləndirməyə” çağırıblar.(Turan)

Bənzər yazılar

Back to top button