Cəmiyyət

“Azərsu” – Azərbaycanın “üz qarası”…

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya hazırlanır. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində deyib. Onun sözlərinə görə, strategiya 18 illik müddəti əhatə edəcək.

“Su sahəsində institusional dəyişikliklərə gedilməlidir. Suyun bir yiyəsi olmalıdır. Biz bununla bağlı təklif vermişik”,– deyə nazir müavini qeyd edib.

“Suyun bir yiyəsi olmalıdır” – Nə qədər acınacaqlı səslənir, deyilmi?

Nazir müavinin açıqlamasından belə başa düşülür ki, “Azərsu” ASC-nin fəaliyyəti sıfırdır. Və bu qurum heç bir zaman suya sahiblənə bilməyib. Uzun illər qurumun rəhbəri olan Qorxmaz Hüseynov bir müddət əvvəl vəzifədən uzaqlaşdırıldı. Bundan sonra məlum oldu ki, bəs “Azərsu” ASC-nin fəaiyyəti “yox” imiş. Ancaq ölkə başçısı bu quruma vəsaitlər ayıran zaman heç bir nazir və ya məmur çıxıb “Azərsu” ASC-nin fəaliyyətsizliyini dilə gətirmirdi.

Həqiqətən çox maraqlıdır. Bakını sovetdən qalma kanalizasiya sistemi ilə idarə edən, yağış yağan kimi “əməkdaşlarımız ərazidə monitorinqlər aparıb” deyə gözdən pərdə asmağa çalışan, Hövsanda irihəcmli kanalizasiya axıntılarına göz yuman bir qurumun fəaliyyətsizliyi görəsən, niyə indi gözə çarpır?

“Azərsu” ASC-nin səhlənkarlığı üzündən Bakı kəndlərində olan kanalizasiya və içməli su problemi, görəsən uzun illər niyə diqqətə alınmayıb? Əslində bizim ünvanlaya biləcəyimiz çox suallar var. Ancaq təəssüf ki, suallarımıza cavab verməıli olan məsul şəxsləri tapılmır. Zabrat gölü, Masazır gölü və s. göllər, bölgələrdə içməli su çatışmazlığı və Bakının mərkəzi hesab edilən Bayılda kanalizasiya probleminin olması “Azərsu” ASC-nin yarıtmaz fəaliyyətinin nəticəsidir. Və nazir müavini çıxıb indi deyir ki, “suyun bir yiyəsi olmalıdır”.

Bəs biz illər boyu istehlak etdiyimiz üçün suyun pulunu kimə ödəmişik?

Əgər su yiyəsiz idisə, niyə “Azərsu” ASC qurumu, su pulunu ödəməyən vətəndaşların ad, soyad və hətta telefonlarının da olduğu şəxsi məlumatlarını açıq şəkildə yayımlaya bilir?!

Bir neçə ay öncə Pirşağı qəsəbəsində olan su problemi ilə bağlı bir yazı hazırlamışdıq. Yay aylarında bu qəsəbənin bəzi ərazilərinə fasiləli şəkildə su verilirdi və “verilən” su, o qədər zəif olurdu ki, suyu sadəcə küçədən keçən xəttin boğazında görmək mümkün olurdu. Sakinlər iddia edirdi ki, su problemi ilə bağlı dəfələrlə ölkə başçısına müraciət ünvanlayıblar. Ancaq təəssüf olsun ki, heç nə dəyişməyib. Görünür, göndərilən məktublar ünvanına yetişməyib. Ya da aidiyyatı qurum, bu məktubun yetişməsini arzulamayıb. Qəsəbə sakinləri həm də bildirirdi ki, “onlara tərəf gəlməyən su, varlı şəxslərin məhəllələrinə və küçələrinə fasiləsiz verilir”. Mənim üçün çox maraqlıdır, əgər suyun bu günə qədər sahibi yox idisə, bu özbaşınalığı edən kim idi?

Eşidirsinizmi? Suyun bu günə qədər sahibi yox imiş. Buna görə, suyu pul verib maşınlarla alırdıq və aylarla susuz qalırdıq. Buna görə, Bayıl sürüşdü və buna görə. Zabrat gölü daşdı.

Eh… Bir gün yenə hansısa nazir müavini çıxıb “işığın, qazın bir yiyəsi olmalıdır” deyəcəyi gündən bizi Allah saxlasın.

Xatırladaq ki, “Azərsu” ASC, ölkə üzrə 1 milyon 629 min 845 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. Bunların 1 milyon 567 min 26-sı əhali, 62 min 819-u isə qeyri-əhali abunəçiləridir.

İndi, oturub hesablayın…

Bizimyol.info

Bənzər yazılar

Back to top button