Arpaçay Karate Klubu yeni uğurlara imza atmaqdadır (FOTO)

by Aztoday Xəbər Portalı

Respublika çempionatında ikinci yeri qazanan klub, bu günlərdə “Zəfər Milli Mükafatı”na da layiq görülüb

Karate idman növü üzrə ölkənin aparıcı klublarından olan Arpaçay Karate Klubu yeni uğurlara imza atmaqda davam edir. Bu yaxınlarda keçirilən Vətən müharibəsində Zəfərin ildönümünə həsr olunmuş Azərbaycan Milli Karate Federasiyasının (AMKF) Yeniyetmələr və Gənclər arasında 21-ci Respublika Birinciliyində federasiyaya üzv olan klublar arasında Arpaçay Karate Klubunun ikinci yeri qazanması da buna sübutdur. Bununla yanaşı, Arpaçay Karate Klubu bu günlərdə “MA MEDİA GROUP” tərəfindən “Zəfər Milli Mükafatı”ına layiq görülüb.

Qeyd edək ki, 2015-ci ildə təsis olunan Arpaçay Karate Klubu qısa müddətdə Milli Karate Federasiyasının yeniyetmə və gənclərdən ibarət yığma komandalarına ən çox idmançı yetişdirən klublardan birinə çevrilməsi doğrudan da böyük uğurdur.

Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynovun verdiyi məlumata görə, Yeniyetmələr və Gənclər arasında 21-ci Respublika Birinciliyində klubun idmançıları 8 qızıl, 4 gümüş, 7 bürünc medal qazanıblar: “Son çempionatda klubun 19 medalla respublika üzrə ikinci olması böyük nailiyyətdir. Bu günlərdə keçirilən XI Dünya Şotokan Çempionatında da klubumuz həm kata, həm də kumite yarışlarında fərqləniblər. Yeri gəlmişkən, İstanbulda keçirilən çempionatdan əvvəl təşkilatın yığıncağında Yaşar Bəşirov yekdilliklə Dünya Şotokan Federasiyasının (WSF) prezidenti seçilib. Bu məsul vəzifəyə seçilməsi Yaşar müəllimin son illərdə təkcə ölkəmizdə deyil, dünya miqyasında karate idman növünün inkişafı üçün gördüyü işlərə verilən yüksək qiymətdir”.

Yavər Hüseynov onu da bildirib ki, Milli Karate Federasiyası ilə birgə Arpaçay Karate Klubu yeni layihələrə imza atmaq niyyətindədir: “Bu günlərdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla görüşümüzdə əldə etdiyimiz razılaşmaya görə, dekabrın sonunda “BAKU OPEN: OLİMPİYA ÜMİDLƏRİ” turniri keçirmək niyyətindəyik. Pandemiyaya görə 2021-ci ildə baş tutmayan ənənəvi “ARPACHAY OPEN” beynəlxalq turniri ilə bağlı hazırlıqlarımızı da davam etdiririk”.

Bənzər Yazılar