Elmar Vəliyev hardadır?

by Aztoday Xəbər Portalı

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyev Bakıda yaşayır.

Üç il öncə başından güllələnmiş və ağır travma almış Elmar Vəliyev hazırda demək olar ki, Gəncədə yaşamır, şəhərə çox az hallarda baş çəkir.

Əvəllər keçmiş icra başçısının yaxın ətrafında olmuş şəxslər bildiriblər ki, Elmar Vəliyev daimi olaraq Bakı şəhərindəki evində yaşayır. Onun xanımı ilə birgə istirahət üçün hərdən Göygölün Bənövşəli kəndinə getdiyi bildirilir. Sabiq başçı həmin kənddəki evində 1-2 həftə dincələndən sonra yenidən Bakıya qayıdır.

Maraqlıdır ki, verilən məlumatda Elmar Vəliyevin hələ də icra başcısı olan vaxt dövlət tərəfindən ona verilmiş maşınlardan istifadə etdiyi bildirilir. Eks-icra başçısı haqqında deyilən məlumatlar sırasında o da qeyd edilir ki, Göygələ istirahətə cangüdənlərinin əhatəsində gedib-gəlir. Bundan başqa bildirilib ki, Elmar Vəliyevin yaddaşı bir müddət öncə yayılan xəbərlərdəki kimi olmasa da, müəyyən unutqanlıqlar yaşayır.

Onun sonuncu dəfə ötən ayın sonlarında Göygölün Bənövşəli kəndində dincələndən sonra Bakıya qayıtdığı qeyd olunub.

Elmar Vəliyev 2011-ci ilin 18 fevral tarixindən 2018-ci ilin 8 avqust tarixinə kimi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

E.Vəliyev icra başçısı işləyərkən – 2018-ci il iyulun 3-də Gəncədə şəhər sakini Yunis Səfərov tərəfindən odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və bir müddət xəstəxanalarda müalicə alıb.

Bu ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti Yunis Səfərova ömürlük azadlıqdan məhrum etmə cəzası kəsib.

Həmin prosesin gedişində Elmar Vəliyevlə bağlı ekspertiza rəy açıqlanarkən məlum olub ki, sabiq icra başçısında sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və ona “Retroqrad amneziya” diaqnozu qoyulub.

Amneziya xəstəliyinin bu növünə tutulan şəxslər travmayadək olan hadisələri yaxşı xatırlasa da, hadisəni və ondan sonrasını tamamilə unudurlar.

Elmar Vəliyev də hazırda ona sui-qəsd edildiyini və vəzifədən çıxarıldığını xatırlamır.

Elmar Vəliyev 1960-cı ilin 3 oktyabrında anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb.

1994-2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001-2004-cü illərdə Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

2011-2018-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsində işləyib.

Mənbə: Modern.az

Bənzər Yazılar