Rusiya müharibəyə hazırlaşır? – Kremllə Ağ Ev arasında nə baş verir? (ŞƏRH)

by Aztoday Xəbər Portalı

Rusiya Ukrayna ilə, onun İttifaq Dövləti üzrə əsas müttəfiqi Belarus isə Polşa ilə sərhəddə qoşun toplayırlar. Bu günlərdə Belarus rəhbəri Aleksandr Lukaşenko Polşa ilə sərhəddə vəziyyətlə bağlı müharibə ehtimalını dilə gətirərək rusiyalı həmkarı Vladimir Putindən bir neçə divizion “İskander” raketlərinin verilməsini xahiş edib.

Hələlik isə Belarus hərbçiləri ölkə ərazisinə yerləşdirilmiş miqrantlardan Polşaya və Baltikyanı ölkələrə qarşı destabilizasiya amili kimi istifadə etməyə çalışırlar. Rusiya-Belarus ittifaqının miqrantlardan istifadə etməkdə digər bir məqsədi də yüksək ehtimalla Avropa Birliyi və ya ona üzv olan ölkələrlə son seçkilərdən sonra legitimliyi tanınmayan rəsmi Minsk arasında birbaşa təmaslara nail olmaqdır.

Belə təmaslar Lukaşenkonun beynəlxalq səviyyədə de facto tanınmasına və Belarusun təcrid vəziyyətindən çıxmasına xidmət edə bilərdi. Amma belə görünür ki, Avropa Birliyinin bu cür planları yoxdur. Euronews Brüsseldə Belarusa qarşı yeni sanksiyalara hazırlıq getdiyini, Polşanın isə Belarusla həmsərhəd bölgələrə 15 minədək hərbçi yerləşdirdiyini bildirir.

Polşa və Litva miqrantların ölkə ərazisinə daxil olmaq cəhdlərinin Belarusun dövlət orqanları tərəfindən açıq şəkildə təhrik edildiyini bildirir. Rəsmi Belarus mətbuatı isə Avropanın miqrant məsələsini Minskə sanksiyalar tətbiq etmək məqsədilə süni şəkildə qabartdığını və bunun arxasında təbii qazla bağlı problemlərin dayandığını iddia edir.

ABŞ dövlət departamenti ölkəsinin Polşaya dəstəyini ifadə edən bəyanat yaymışdır, Polşa, Litva və Latviya isə NATO nizamnaməsinin 4-cü maddəsinin tətbiqi haqda məsləhətləşmələr aparırlar. Xatırladım ki, bu maddədə təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhdid görən alyans üzvünün müraciəti əsasında NATO Şurasının çağırılması təsbit olunub.

Yaranmış vəziyyətdə sanksiyaların davam edəcəyi halda Avropanı ərazisindən keçən Rusiya qazını bağlamaqla təhdid edən Belarusla, Minsklə Brüssel arasında yaranmış gərginliyin aradan qaldırılmasına öz vasitəçiliyini təklif edən Rusiya sinxron davranış nümayiş etdirirlər. Daha doğrusu Minsk Moskvanın proksisi (proxy) rolunu oynayır.
Rusiyadan açıq dəstəklənən seperartçılar tərəfindən işğal olunmuş şərq sərhədləri boyu Moskvanın qoşun yığdığını bəyan edən Kiyevdə isə Ruisyanın mümkün hərbi təcavüzü barədə müzakirələr günbəgün artmaqdadır. Amma ölkə həm də fəal addımlar atır. Bu günlərdə Ukrayna ilk dəfə Türkiyədən aldığı PUA-ları real döyüş şəraitində uğurla sınaqdan keçirib.

Paralel olaraq bu ölkənin xüsusi xidmət orqanları Rusiya casus orqanlarının qondarma DNR ərazisindəki keçmiş zavod binalarından birində törətdikləri kütləvi işgəncə və vəhşiliklərə dair xüsusi əməliyyat keçirdi. İşgəncələrdə cəllad rolunu oynamış şəxs həbs olunduqdan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşlarının işgəncələrdə və qətllərdə iştirakını təsdiqləyib.

Amma bütün bunlara rəğmən Rusiya rəsmilərinin bəyanatlarından görünən budur ki, Moskva hərhansı mümkün hərbi münaqişədə tərəf kimi görünməməyə çalışır. Eyni əlamətlər də Vaşinqtonun davranışında sezilməkdədir. Burdan belə qənaətə gəlmək olar ki, NATO ilə Rusiya arasında birbaşa toqquşma ehtimalı çox da yüksək deyil.

Amma Rusiyanın Ukraynaya açıq hərbi müdaxiləsi hərblə sülh arasında hələ də qalmaqda olan kövrək balansı birincinin xeyrinə dəyişə bilər. Belə görünür ki, Moskvada da bunu yaxşı anlayırlar, ona görə də Rusiya bütün mümkün variantlara hazırlaşmaqdadır. Özü də təkcə hərbi baxımdan deyil.

Rusiyanın öz qərb cinahında hərbi münaqişəyə cəlb olunması onun digər qonşularına da təsirsiz ötüşməyə bilər. İlk növbədə də Gürcüstana və Azərbaycana. Belə ki, Moskvanın öz qərb cinahında qazana biləcəyi onun dəstəklədiyi separatçıların nəzarətindəki qondarma DNR, itkisi isə Belarus ola bilər.

Şübhəsiz ki, hər iki mövqe Rusiya üçün önəmlidir, xüsusilə də Belarus, amma Moskva üçün heç də az əhəmiyyət kəsb etməyən onun cənub istiqamətindəki hərbi-strateji planlarıdır. Yaxın Şərqə çıxış Moskva üçün həyati əhəmiyyət kəsb edir, çünki əks halda imperiya öz sərhədləri hüdudlarında qalmağa məhkum olacaq.

Təsirini öz sərhədlərindən kənara yaya bilməyən imperiya isə artıq imperiya olmur. Moskvada da bunu yaxşı anladıqlarından hələlik “səngərdə” qalıb aradabir “qumbara” atmağa üstünlük verirlər. Bu isə o deməkdir ki, Moskva səngərdən çıxmağın nəticəsinin onun xeyrinə olacağına əmin deyil.

Ərəstun Oruclu, politoloq

Bənzər Yazılar