Siyasət

Yerevan sərhəddə ermənilərin 4 hərbi mövqesinin azərbaycanlı hərbçilər tərəfindən “mühasirəyə alındığını” etiraf edib

Ermənistan Təhlükəsizlik Şurası iki ölkənin sərhəddində ermənilərin 4 hərbi mövqesinin Azərbaycan hərbçiləri tərəfindən “mühasirəyə alındığını” bildirib.

“Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində sərhəd sahələrindən birində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri zirehli texnikanın dəstəyilə Ermənistan Respublikasının suveren ərazisinə daxil olub. Azərbaycan Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dörd hərbi mövqesi mühasirəyə alınıb”, – Ermənistan Təhlükəsizlik Şurasının bəyanatında bildirilir, NEWS.am məlumat yayıb.

Danışıqlar nəticəsində Azərbaycan hərbi texnikası və qoşunları “Ermənistan ərazisini tərk ediblər”, Ermənistan Silahlı Qüvvələrinin bölmələri isə yuxarıda qeyd olunan dörd hərbi mövqedən çıxarılıb. “May ayında göstərilən sahədə Ermənistan Respublikasının suveren ərazisinə daxil olmuş Azərbaycan hərbçiləri öz yerlərində qalmaqda davam edirlər”, – bəyanatda deyilir.

“Azərbaycanın nəzarətində olan Gorus-Qafan və Qafan-Çakaten avtomobil yolları sahələrinə gəlincə, onlar hələ sovet illərində Ermənistan və Azərbaycanın sərhədləri barədə sənədlərlə Ermənistan Respublikasının ərazisində deyil. Ermənistan hökuməti Sünik vilayətində yeni alternativ yollar şəbəkəsinin yaradılması ilə bağlı tədbirlər görüb və yaxın zamanlarda bu işlər tamamlanacaq. Ermənistanın heç bir yaşayış məntəqəsi həyat fəaliyyətinin təmin olunması üçün yoldan məhrum deyil”, – Ermənistan Təhlükəsizlik Şurasının bəyanatında bildirilir.

Ermənistan Təhlükəsizlik Şurası “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin dinc yolla nizamlanmasının, yəni Sovet Ermənistanı və Sovet Azərbaycanının de-yure müəyyən edilmiş sərhədlərindən qoşunların qarşılıqlı şəkildə çəkilməsinin və beynəlxalq himayə altında sərhədlərin demarkasiya və delimitasiyasının başlanmasının vacibliyini” vurğulamaqda davam edir.

“Biz həmçinin ATƏT- in Minsk Qrupunun həmsədrlərini Qarabağ münaqişəsinin dinc yolla və hərtərəfli nizamlanması üçün səyləri artırmağa çağırırıq”, – Ermənistan TŞ-nin Təhlükəsizlik Şurasının bəyanatında deyilir. (Turan)

Bənzər yazılar

Back to top button