Azərbaycan xarici işlər nazirinin NATO baş katibinin müavini ilə görüşüb

by Aztoday Xəbər Portalı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində NATO baş katibinin müavini Mirça Coana ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının aktual məsələləri, gələcək inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bayramov Azərbaycan-NATO tərəfdaşlığının bir sıra istiqamətləri üzrə əldə edilmiş nəticələrdən məmnunluğunu ifadə edib.

O, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına dəstəyi kontekstində NATO əməliyyatlarına töhfəsi məsələsinə toxunub.

Nazir NATO rəsmisinə bildirib ki, Azərbaycan ərazilərinin işğalı amili aradan qaldırıldıqdan sonra Bakı beynəlxalq hüquq prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.

NATO Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfəsini yüksək qiymətləndirib. Baş katibin müavini Azərbaycana Alyans ilə tərəfdaşlığa, xüsusilə də Əfqanıstanda həyata keçirilən əməliyyatda iştirakına görə təşəkkürünü bildirib.

Tərəflər “Sülh Naminə Tərəfdaşlıq” proqramının məqsəd və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və praktiki əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

Bənzər Yazılar