Hadisə

“Eldar Mahmudova məruzə edilib, onun göstərişi olmadan…”

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və digər vəzifəli şəxslərin iş adamı Ceyhun Seyidovdan hədə-qorxu yolu ilə pul tələb etmələri məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, zərərçəkmiş şəxs qismində ifadə verən Ceyhun Seyidov bildirib ki, qardaşı Azad Seyidov mobil operatorlardan birinin dileri kimi fiziki şəxs qismində “Əlincə Line” diler mağazalar şəbəkəsini işlədib:

“29 fevral 2012-ci ildə, saat 11 radələrində qardaşımın evində və mağazalarda axtarış aparıldı. Mağazadan telefon və nömrələr götürüldü. Bütün mağazalar möhürlənərək bağlandı. Dərhal Azada zəng etdim, lakin ona zəng çatmadı. İki gün sonra Azad xarici ölkənin xatırlamadığım nömrəsindən zəng etdi, fevralın 29-da Rusiyada olduğunu dedi. Ona işlətidiyim mağazalarda və evində axtarış aparıldığını, mağazaların möhürləndiyini dedim.

Azad nə üçün axtarış aparıldığını soruşduqda, bu barədə məlumatımın olmadığını dedim. O, Yesentukiyə sanatoriyaya gəldiyini, hər hansı qanunsuz işi olmadığını dedi, axtarışın nə üçün aparılması ilə maraqlanmağımı tapşırdı”.

Zərərçəkmiş bildirib ki, qardaşına məxsus mağazaların bağlanması ilə əlaqədar MTN-də araşdırmanın Sahib Ələkbərov adlı müstəntiqin apardığını öyrənib:

“Tanışlarım vasitəsilə onun mobil telefonu tapdım, əlaqə saxladıqda nazirliyin arxa qapısının önündə görüşməyə razılaşdıq. Martın əvvəlində özümə məxsus “Toyota Land Cruiser” markalı maşınla nazirliyə gəldim. Nazirliyin arxasında yerləşən giriş qapısında Sahib Ələkbərov mənə yaxınlaşdı. Həmin şəxslə qapının önündə söhbət etdik. O, Qazax-Tovuz dialekti ilə danışdı.

Sahibə qardaşımın evində və mağazalarında hansı səbəbdən axtarış aparıldığını soruşdum. O, bir qrup şəxsin oğurluq yolu ilə xaricdən telefon, televizor və sair texniki avadanlıqlar gətirməsi ilə əlaqədar cinayət işinin istintaqını apardığını, qardaşımın da onlarla əlbir olduğunu, onu həbs edəcəyini dedi. Sahib “əgər gəlmisənsə, bu məsələni yoluna qoyaq” deyib, 300 min manat verməyimi tələb etdi. O, həmçinin dükanların istintaq müddətində bağlı olacağını, axtarış zamanı aparılan telefon və nömrələrin isə MTN-də qalacağını dedi.

Ona qardaşımın oğurluq telefon satmadığını, təqsirinin olmadığını, tələb etdiyi pulu verməyəcəyimi deyib getdim”.

Ceyhun Seyidovun sözlərinə görə, təxminən 3-4 gün sonra qardaşının “Əlincə Line” dilerlik fəaliyyəti ilə əlaqədar icarəyə narazılıqların bildirilməsi səbəbindən yenidən Sahib Ələkbərovla əlaqə saxlayıb:

“Onunla nazirliyin arxa qapsının yanında təklikdə görüşərək mağazaların cinayət işi ilə əlaqəsinin olmadığını, mağazaların açılmasını tələb etdim. Sahib Ələkbərov cinayət işi barədə nazir Eldar Mahmudova məruzə olunduğunu, onun göstərişi olmadan mağazaların açılmayacağını, cinayət təqibinə xitam verilməsi üçün 300 min manat verməli olduğumuzu bildirdi.

Qardaşımın heç bir təqsiri olmadığını bildirdim, sübut tələb etdim. Sahib Ələkbərov mağazalarda yoxlama aparılan gün nəzarət-kassa aparatlarının olmadığını bildirdi. Bunun cinayət işinin predmeti olmadığını, nəzarət-kassa aparatının yoxluğu məsələsinin Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olduğunu və cəriməsinin 400 manat təşkil etdiyini dedim. Sahib Ələkbərov “sən mənimlə burada iş həll eləməyə gəlmisən, yoxsa söz güləşdirməyə, lazım gələrsə, şərləyəcəyəm” söylədi.

Bundan təxminən 3 gün sonra yenidən Sahiblə telefonla əlaqə saxladım, mağazaların bağlı qalmasına etiraz edərək mübahisə etdim. O, telefonda mağazaları açmağa razılıq verdiyindən həmin gün möhürləri qırdıq”.

Ceyhun Seyidov bildirib ki, növbəti bir ay ərzində Sahiblə bir neçə dəfə cinayət işinin istintaqı ilə bağlı telefonla danışıqları olub: “Sahib qardaşımın Azərbaycana qayıdaraq ifadə verməsini, istintaqı yekunlaşdırmaq istədiyini, amma qardaşıma görə qaldığını dedi, həmçinin məndən istədiyi pulu verməyimi tələb etdi. Mən isə mağazadan götürülmüş telefonları və nömrələrin qaytarılmasını istədim.

Sahiblə 2012-ci ilin aprelin ortalarında yenidən MTN-in inzibati binasının arxa giriş qapısı tərəfdə təklikdə görüşdük. O, qardaşım barəsində axtarış qərarı verərək tutduracağını, son məbləğin 100 min dollar olduğunu, “ya pul, ya da sizi şərləyəcəm” dedi, hədə-qorxu gəldi. Mən məcbur qalaraq Sahibin təklifi ilə razılaşdım, pulu hissə-hissə verə biləcəyimi dedim”.

Zərərçəkmişin sözlərinə görə, təxminən 2-3 gün sonra evdə olan vəsaitindən 40 min dollar götürüb və qara torbaya qoyaraq günün birinci yarısında MTN-in arxa giriş qapısının yanına gəlib: “Orada Sahib Ələkbərova 40 min dolları verdim. Sahib Ələkbərov isə “gedirəm istintaqı bağlayam” dedi. Bir neçə gün sonra Sahib zəng etdi, telefon və nömrələri götürməli olduğumu dedi.

MTN-in Baş istintaq İdarəsində onunla görüşdüm. Sahib Rövşən adlı müstəntiqi çağıraraq telefon və nömrələri qaytarmağı tapşırdı. Həmin müstəntiq mağazadan götürülmüş telefonları və nömrələri protokol tərtib etməklə mənə qaytardı”.

Ceyhun Seyidov qeyd edib ki, növbəti dəfə 2012-ci ilin mayın əvvəllərində günün birinci yarısında, saatı dəqiq yadında qalmayan vaxtı 2 min dollar hazırlayaraq Sahib Ələkbərova verib. Qeyd edib ki, bundan sonra bir dəfə 20 min dollar, daha sonra isə 10 min dollar MTN-in giriş qapısının yanında Sahib Ələkbərova çatdırıb.

Ceyhun Seyidovun sözlərinə görə, mağazalarının uzun müddət bağlı qalması ilə bağlı sahibkarlıq fəaliyyətlərinə ciddi ziyan dəyib, həmçinin Sahib Ələkbərovun qanunsuz hərəkətləri nəticəsində qardaşı Azad Azərbaycandan köçərək mühacirət edib.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, ibtidai istintaq idarəsinin rəis müavini – 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Cinayət işi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

Bənzər yazılar

Back to top button