ManşetSiyasət

İks günü, bir də əsl gün

Azərbaycanda ictimai-siyasi hadisələri analiz etmək üçün müstəqillikdən üzü bəri olub-bitənləri öyrənmək, bilmək çox vacibdir. Çünki tarix həmişə iki dəfə – birinci dəfə faciə, ikinci dəfə tragikomediya və fars şəklində təkrarlanır.

Ötən əsrin sonuna yaxın ölkənin müxalif kəsimi iks gününü gözləməyə başladı – tezis bu idi ki, Heydər Əliyevdən sonra ölkədə mütləq hər şey dəyişəcək və onlar hakimiyyətə gələcəklər.

İks günü gəldi, amma planı-proqramı, ciddi beynəlxalq əlaqələri olmayan müxalif kəsimin planları baş tutmadı. “İks günü şahidləri” bu məğlubiyyətdən dərs çıxarmayaraq növbəti bənzər günlər gözləməyə başladılar. Öz siyasi davranış və düşüncələrində ciddi dəyişiklik etmədən sadəcə gözlədilər, ya da qonşu ölkələrdə baş verən inqilabi prosesləri yamsılamağa çalışdılar. Yəni onlar iks gününü gördülər, şahidi oldular, amma dərs çıxarmadılar. Nəticədə İlham Əliyevin hakimiyyəti daha da möhkəmləndi, ölkə daha da avtoritarlaşdı, azadlıqların meydanı daha çox daralmağa başladı.

Müxalif kəsim isə gah neft qiymətlərinin düşəcəyi iks gününü, gah da xaricdən kimlərinsə onları dəstəkləyəcəyi iks gününü gözlədi.

“İks günü şahidləri”nin yeni “tezisi” budur ki, camaat kasıbçılıqdan üsyan edəcək və bu da siyasi dəyişikliklərə səbəb olacaq. “Sosial partlayış olacaq” şüarını tez-tez səsləndirənlər ölkənin siyasi və iqtisadi anatomiyasını öyrənməyi, analiz etməyi bacarmırlar. Azərbaycan hakimiyyəti isə öz xalqını yaxşı öyrənib, yaxşı analiz edib, avtoritarizmin iqtisadi dayağını yaradaraq milləti sistemdən asılı vəziyyətə salıb. 2022-ci ilin dövlət büdcəsindən 8,1 milyard manat dövlət sektorunun maaşlarına, 5,4 milyard manata yaxın isə pensiya, təqaüd və sosial müavinətlərə ayrılacaq. Ölkədə 910 min nəfər büdcədən maaş alır, 1 milyon 300 min pensiyaçı var, 640 minə yaxın şəxsə müxtəlif növ sosial müavinət verilir. Bunların cəmi 2 milyon 850 min nəfər edir. Yəni məmləkətin 10 milyon əhalisinin 3 milyon nəfərə yaxını büdcəyə bağlıdır, deməli, hər bir azərbaycanlı ailəsində ortalama 2 nəfər büdcədən pul alır. Bunun üzərinə özəl sektorda muzdla çalışan 750 minə yaxın insanı da gəlin. Deməli, ölkədə 3 milyon 600 min nəfərin rəsmi gəliri var, bu o deməkdir ki, “camaat acından öləcək, sosial partlayış olacaq” tezisi yanlışdır. Həm də ona görə yanlışdır ki, məmləkətdə dövlətin sosial məsuliyyətinin böyük bir hissəsini “ailə institutu” öz üzərinə götürüb, qohum-əqrəba şəbəkəsi bir-birinə əl tutur, yardım edir, bu da “sosial partlayışın” amortizasiya edilməsinə yardımçı olur.

Bəli, maaş və pensiyalar azdır, qiymətlər sürətlə artıb insanların real gəlirlərini içdən yeyir, bəli, ciddi narazılıq var – amma bu narazıların imdad dilədiyi yenə hakimiyyətdir. Çünki real gücü, maliyyəni, dəstək verəcək addımları İlham Əliyevdən gözləyirlər, müxalif kəsimdən yox. Səbəbi də çox sadədir – müxalifət olmaq yetərli deyil, alternativ olmağı öyrənmək, “nəyi, nə zaman, necə etmək” inhisarını İlham Əliyevdən almağı bacarmaq lazımdır. Cəmiyyət, “bu gün bu problem var, həll edilməlidir” deyib axtarışa çıxanda bu problemləri tək dilə gətirənləri deyil, həll etməyi bacaranları görüb onlara inanmalıdır.

Demokratik təsisatları oturuşmamış, ənənələri olmayan, seçki sistemi formalaşmamış dövlətlərdə sosial ödənişlər artdıqca cəmiyyətin azadlıqları azalır. Avtoritar sistem pul verdikcə özünü daha rahat və haqlı hiss etməyə başlayır. Mənim idealımda olan dövlət sistemi balıq paylamır, amma balıq tutmaq üçün tilov verir və hamının eyni qaydalarla balıq tutması üçün ədalətli şərait yaradıb adil hakim rolunda olur.

Ona görə də dövlətdən daha çox maddi yardım istəyəndə ehtiyatlı olmalıyıq – yardımı, maaşı, təqaüdü, sosial ödənişləri artırdıqca ölkə daha da avtoritarlaşacaq. Bu korrelyasiya demokratik təsisatları oturuşmamış, ənənələri olmayan, seçki sistemi formalaşmamış dövlətlərdə baş verir.

“İks günü şahidlərini” unudub ölkənin gələcəyini yenidən təsis etmək lazımdır. Hər bir Azərbaycan vətəndaşı inanmalıdır ki, iqtisadi, sosial çətinliklərin səbəbi ölkədəki oyun qaydalarıdır, bunun dəyişməsi isə mütləq yeni konstitusiyanın qəbulundan, yeni təməlin yaranmasından keçir. Bunu hakimiyyət də, cəmiyyət də anlayanda ölkədə mütləq yeni dönəm – rifah dövlətinə keçid başlayacaq…

Natiq Cəfərli,
Respublikaçı Alternativ Partiyası

Bənzər yazılar

Back to top button