Dünya

Rusiya kosmosda sovet peykini raketlə vurdu – Fəzaya yüz minlərlə qalıq səpələndi

Rusiya özünün peyk əleyhinə silahının sınaqları çərçivəsində “Kosmos-1408” sovet kosmik peykini vurub. virtualaz.org xəbər verir ki, bu haqda ABŞ Kosmik Komandanlığı bəyan edib.

“Rusiya Moskva vaxtı ilə noyabrın 15-də orbitə birbaşa çıxarılmaqla peyk əleyhinə raketini sınaqdan keçirdi. Raket “Kosmos-1408” peykini vurdu, nəticədə aşağı yerətrafı orbitdə qalıqların səpələnməsinə səbəb oldu”, – komandanlıq bildirir.

ABŞ Kosmik Komandanlığının qiymətləndirməsinə görə, raketin peyki vurması nəticəsində monitorinq aparılması mümkün olan 1500-ə yaxın qalıq yaranıb. Lakin amerikalı hərbçilər hesab edir ki, sınaq nəticəsində orbitdə izlənilməsi mümkün olan “yüz minlərlə” xırda qalıqlar da səpələnib.
“Kosmos-1408” süni peyki 1982-ci ildə orbitə buraxılıb, peyk radiotexniki kəşfiyyat aparmaq üçün nəzərdə tutulmuşdu və çoxdandır ki, işləmirdi.

ABŞ Kosmik Komandanlığının rəhbəri, general Ceyms Dikinson bəyan edib ki, bu cür sınaqlar Rusiyanın “kosmosun təhlükəsizliyinə, stabilliyinə və bütün ölkələr tərəfindən rasional istifadəsinə laqeyd olduğunu” göstərir. Onun sözlərinə görə, süni peykin vurulması nəticəsində yaranan qalıqlar kosmik aparatlara təhlükə yaradır və onlar toqquşmadan qaçmaq üçün tez-tez manevr etməli olacaqlar.

“Rusiyanın orbitə birbaşa çıxarılmaqla peyk əleyhinə raketin sınaqlarını keçirməsi bu ölkənin peyklər əleyhinə silah sistemləri üzərində işlədiyini göstərir. Belə sistemlər strateji stabilliyi pozur və bütün ölkələr üçün təhdid təşkil edir”, – general bildirib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti də Rusiyanın noyabrın 15-də peyk əleyhinə silahın sınağını keçirdiyini, nəticədə Beynəlxalq Kosmik Stansiya üçün təhdid yarandığını bəyan edib. Pentaqonun nümayəndəsi Con Kirbi isə bildirib ki, Rusiya bu sınaq haqda ABŞ-ı xəbərdar etməmişdi.

Rusiyanın “Roskosmos” dövlət agentliyində isə ötən gün bəyan ediblər ki, Beynəlxalq Kosmik Stansiyanın heyəti “kosmik zibillə” toqquşmadan yayınmaq üçün “Soyuz” və “Crew Dragon” gəmilərində gizləniblər.

Bənzər yazılar

Back to top button