Amerika və Rusiya eyni ölkəyə silah satır (ŞƏRH)

by Aztoday Xəbər Portalı

İkinci Qarabağ müharibəsi pilotsuz uçuş aparatlarının üstünlüyünü dünyaya əyani şəkildə nümayiş etdirdi. Bir çox ölkə Qarabağ müharibəsini diqqətlə izləyərək pilotsuz uçuş aparatlarının alınmasına qərar verdi. Polşa və Ukrayna İkinci Qarabağ müharibəsindən sonra Türkiyədən “Bayraqdar” aparatlarının alınmasına qərar verdilər. Bu say artmaqdadır.

Hindistanın da pilotsuz uçuş aparatlarına marağı artıb. Hindistanla Çin arasında sərhəd problemi mövcuddur, Himalay dağlarının ətrafında gərginlik hökm sürür, ara-sıra toqquşmalar qeydə alınır. Hər iki ölkə zaman-zaman bu ərazilərdə hərbi təlimlər keçirməklə güclərini nümayiş etdirirlər.

Bu arada, Hindistanın baş naziri Narendra Modi ordunun modernləşdirilməsinə qərar verib. Məqsəd quru və hava qüvvələrini gücləndirməkdir. Bu məsələdə Hindistana ABŞ dəstək verir.

Hindistan, Avstraliya və Yaponiya ilə birgə ABŞ-ın formalaşdırdığı dördlü blokun üzvüdür. Buna görə də Amerika tərəfdaş dövlətlərin ordularını gücləndirməyi özünə borc bilir. ABŞ Hindistana hərbi hava qüvvələrini gücləndirməyə kömək edir. Məhz bu mövzunu müzakirə etmək üçün Narendra Modi bir müddət əvvəl ABŞ prezidenti Co Baydenlə Ağ Evdə görüşmüşdü. Bu görüşdən sonra Hindistanın Amerikadam 30 “Predator” pilotsuz uçuş aparatı alacağı xəbəri yayıldı. Hindistan bu dronlardan Çinlə sərhəddi nəzarət etməyi planlaşdırır. Yəni bu dronlar kəşfiyyat məqsədlidir. Amerika Hindistana “Apache” helikopterləri də satıb.

Hindistan Amerika ilə yanaşı Rusiya ilə də hərbi-texniki əməkdaşlığı genişləndirməyə çalışır. Hindistan Rusiyadan T-90 və T-72 tankları, Cu-30 hərbi təyyarələri alıb. Bundan başqa Hindistanla Rusiya birə “BrahMos” raketlərini istehsal edirlər. Hindistan bu raketləri Çinin Tibetlə sərhəd ərazisində də yerləşdirib.

Göründüyü kimi, Hindistan tək-tük ölkələrdəndir ki, bir-biri ilə münasibətləri gərgin olan həm ABŞ, həm də Rusiyadan hərbi texnika alır. Baxmayaraq ki, Rusiya Çinlə strateji tərəfdaşlıq münasibətləri qurub, Kreml Amerikadan silah alan Hindistana hərbi texnika satmaqdan çəkinmir. Bu Çinin xoşuna gəlməsə də, Rusiya-Hindistan hərbi əməkdaşlığı reallıqdır. Digər tərəfdən Çin və Hindistan aralarındakı mübahisələrə baxmayaraq, hər ikisi Rusiya ilə birgə Şanxay Əməkdaşlıq Təşkilatının üzvləridirlər. Kreml bu təşkilat çərçivəsində iki ölkəni barışdırmağa çalışsa da, nəticə əldə etmədi.

Hərbi ekspertlər Çinin son illərdə hərbi gücünü dəfələrlə artırdığını bildirirlər. Ona görə də Hindistan Çindən geri qalmamağa çalışır. Buna baxmayaraq, Çinin hərbi büdcəsi Hindistanın hərbi büdcəsindən ən azı 3 dəfə çoxdur. Dehli ordunu modernləşdirməklə, yeni hərbi texnika almaqla Çindən geriliyin artmasına imkan vermək istəmir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər Yazılar