Hadisə

“İdeal”ın keçmiş sahibinin məhkəməsində şahidlər dindirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahidlər dindirilib.

Belə ki, İ.İsmayılova qarşı “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-nin kassasından 2013-cü ilin iyun ayında 280 min manat məxaric edilməsi ilə bağlı ittiham irəli sürülüb.

Ötən iclasda müdafiə tərəfi məhkəməyə bununla bağlı “Razılaşma” adlı sənəd təqdim edib. Bildirilib ki, həmin mənzil 280 min manata deyil, 1 milyon manata alınıb və bu məbləğ 2013-cü ilin aprel ayında ödənilib.

“Razılaşma” sənədi mənzili satanların adından Elçin Zeynalov və Əhməd Əkbərov adlı şəxslər, İ.İsmayılov tərəfindən isə Həbib Qarayev adlı şəxs və sözügedən MTK-nın komendatı Xaliq Orucov tərəfindən imzalanıb.

Müdafiə tərəfinin vəsatətinə əsasən, E.Zeynalov, H.Qarayaev və X.Orucov məhkəmədə dindiriliblər.

Onlar sənədin məzmununu təsdiq edərək deyiblər ki, doğrudan da həmin mənzil İ.İsmayılov tərəfindən 1 milyon manata – 100 min manat və 900 min manat olmaqla iki dəfəyə ödənilməklə 2013-cü ilin aprel ayında alınıb.

Daha sonra müdafiə tərəfi deyib ki, bununla da ittihamın İ.İsmayılov tərəfindən “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-nin kassasından 2013-cü ilin iyun ayında 280 min manat məxaric edilməsi ilə bağlı dəlili təkzib edilmiş olur.

Proses noyabrın 22-də davam edəcək.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Back to top button