Cəmiyyət

İstiliyin noyabrın 15-dən verilməsi qaydası yanlışdır – Təhsil eksperti

“Paytaxtın mərkəzində yerləşən bir sıra məktəblərə istilik verilməyib. Bu, çox ciddi problemdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspertin sözlərinə görə, yaranmış vəziyyət şagirdlərin səhhəti ilə bağlı təhlükə yaradır:

“Birmənalı şəkildə hava şəraitinin soyuması və məktəblərə istiliyin verilməməsi davamiyyətə öz təsirini göstərib. Mövcud vəziyyətlə əlaqədar tədris prosesinin təşkili ilə bağlı problemlər mövcuddur. Hesab edirəm ki, noyabrın 15-dən tətbiq edilən istiliyin verilməsi qaydası yanlışdır. Digər tərəfdən bir çox məktəblərin “Azərenerji” və “Azəristiliy”ə borcları olduğundan məktəblərə hələ də istilik verilməyib”.

Kamran Əsədov artıq bu gündən qış fəslinin hiss olunduğunu vurğulayıb:

“Havanın temperaturu artıq 6 dərəcəyə düşüb. Etiraf edək ki, mövcud vəziyyətdə tədrisin təşkili ilə bağlı problemlər mövcuddur. Təkçə şagird və tələbələr deyil, eyni zamanda müəllimlərin də dərsə davamiyyətində müəyyən problemlər ortaya çıxıb. Hazırda məktəblərdə istilik sisteminin olmaması ilə bağlı çoxsaylı şikayətlər olunur. Hətta bu vəziyyət bölgələrdə də yaranıb. Mövcud qanunvericiliyə görə, noyabrın 15-dən ölkədə qış rejiminə keçilir və bu da dediyim kimi, çox ciddi yanlışlıqdır”.

Bənzər yazılar

Back to top button