Cəmiyyət

Bakı Nəqliyyat Agentliyi əhalinin “qorxulu yuxusu”na çevrilib…

Bu gün Azərbaycanda, xüsusilə, Bakı şəhərində yolların vəziyyətinə məsul iki dövlət qurumu var: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Bakı Nəqliyyat Agentliyi (BNA)

Gəlin, BNA-dan başlayaq: Bakı Nəqliyyat Agentliyi yarandığı vaxt hamı sevinirdi ki, bizim də nəqliyyatımıza sahib çıxan tapıldı. Son günlərdə dildə olan ifadə ilə desək; “yolun yiyəsi var”. Axı, bizim hər şeyimiz yiyəsizdir.

Koroğlu metrosu yaxınlığında mübadilə məntəqəsi tikildi. Avtobusların rahat hərəkəti üçün yollar, ayrıca zolaqlarla ayrıldı, yollara “dayanma-durma” nişanları vuruldu və s. və ilaxır. Problem o zaman başladı ki, Bakı Nəqliyyat Agentliyi, avtomobillərin saxlanılması üçün parkinq yerlərini açıqlamadan avtomobil sürücülərini cərimə etməyə başladı. Bu zaman bütün Bakı sakinləri, BNA-nın əlindən dad-iman etməyə başladılar ki, bəs 2-dəqiqə avtomobili saxlayan kimi gəlib cərimə tətbiq edilir. Düzdür, bu vəzifəni həm də DYP həyata keçirir. DYP-yə gözümüz öyrəşmişdi. Ancaq dayanma-durmaya görə cərimə yazmamışdan əvvəl dayanma-durma üçün yerlərin ayrılmasına məsul olan BNA-nın işə cərimə-pul toplamaqdan başlaması heç də birmənalı qarşılanmır.

Öncəki müsahibələrinin birində BNA sədri Vüsal Kərimli demişdi ki, Bakıda 15 minə yaxın parkinq yeri var. Ey BNA, iddia olunan qədər parkinq yeri varsa, niyə bunu camaata açıqlamırsınız ki, rahat həyatımızı yaşayaq? Yoxsa şəhərdə yaranmış tıxaclardan zövq alırsınız? Ya da parkinqlərin yerini bilməyən sürücülərə yazılan cərimələrlə, büdcənizi doldurmağı planlayırsınız? Hər nə isə. Sizin “öz fəaliyyətiniz” bundan ibarətdir.

Bir müddət əvvəl qurumun mətbuat xidməti deputat Fazil Mustafaya “deputat piyada gəzsin” deyə xəbər yollamışdı. Bundan əvvəl isə, Ədalət Şükürovun etirazına cavab olaraq, onun qayda pozması barədə faktları açıq şəkildə yayımlamışdı. Mətbuat xidmətinin quruma qarşı irəli sürülən ittihamları nəzakətli şəkildə, qanuna uyğun formada cavablandırmaq əvəzinə, belə aqressiv davranış nümayiş etdirməsi, bir daha BNA-nın fəaliyyət(sizliy)ini sübut edir.

Deyirlər “sözçü qurumun aynasıdır”. BNA-nın bu aynada necə göründüyünü sıravi vətəndaş da görür. Şahidik ki, BNA-ya qarşı hər hansı bir ittham irəli sürülən kimi mətbuat xidməti tez ölkə Prezidentinin sərəncamlarına istinadla qarşı tərəfi “zərərsizləşdirmə” mübarizəsi aparır. “Biz vətəndaşların rahatlığına xidmət edirik” deyən sözçü hər zaman “zeytun yağı kimi üstə çıxmağa çalışır”. Amma nə fayda, elin gözü tərəzidir. Yəqin ki, bir gün elin dediklərini ölkə başçısı da eşidəcək, o zaman kimə və nəyə istinad edəcəyiniz çox maraqlıdır.

Unutmamaq lazımdır ki, BNA dövlət qurumudur. Və dövlət qurumu, heç kimin atasının malı deyil və heç kim dövlət qurumundan şəxsi maraqları üçün istifadə edə bilməz. Eləcə də, mətbuat xidmətinin vəzifəsi və borcudur ki, ona və quruma ünvanlanan bütün irad və etirazlara qanun çərçivəsində ironiyasız, hörmətlə cavab versin.

Milli Məclisin deputatına “piyada gəz” deyən, müğənninin – hər halda bir vətəndaşın illik qayda pozuntularını yayımlayan mətbuat sözçüsü nə qədər səmimi ola bilər ki?

Axı, “siz” hansı “haqq” ilə, vətəndaşla belə ironiya ilə danışırsınız? Sizi ora vətəndaşların təklif, istək, irad və etirazlarına cavab verməyə, cəmiyyət və jurnalistlərlə qurum arasında körpü yaratmağa, qurumun fəaliyyətini işıqlandırmağa təyin ediblər. Göz yumub ağız açmaq üçün “seçilməmisiniz”.

Vətəndaşlara BNA əməkdaşları tərəfindən qeyri-qanuni dayanma-durma cərimələri tətbiq edilir. Bəli, qeyri-qanuni. Bu cərimə o zaman qanuni olar ki, vətəndaşdan gizlətdiyiniz parkinq yerlərinin ünvanları açıqlana. Niyə bu parkinq yerlərinin ünvanları açıqlanmır? Yoxsa onlardan da öz kommersiya məqsədləriniz üçün istifadə edirsiniz?

Bu gün Bakı şəhəində avtomobillə hərəkət etmək işgəncəyə çevrilib. Və yoluxmalar dövründə vətəndaşa “ictimai nəqliyyatla gəz, piyada gəz” mesajını verirsiniz.

Bəlkə qəbul etmək sizin üçün çətindir, amma Bakıdakı tıxacların səbəbkarı sizin yarıtmaz fəaliyyətinizdir. Etiraf edin ki, ya işləməyi bacarmırsınız, ya da ancaq özünüz üçün işləyirsiniz. Bu gün Azərbaycan vətəndaşı, deputatı, müğənnisi, jurnalisti hansısa bir qurumun fəaliyyətindən narazıdırsa, demək, həmin qurumun fəaliyyəti yetərsizdir. Çünki qərəz olsa belə, istisna hallarda bir nəfər tərəfindən olar. Əgər bir qurumun fəaliyyətini ölkə əhalisinin böyük çoxluğu qəbul etmirsə, səhvinizi qəbul etməlisiniz.

Bir müddət əvvəl tanışlardan biri dedi ki, “BNA onsuz da dar olan yolları bir qədər də daraldıb velosiped yolları düzəldir”. Düzəldin, buna kim etiraz edər? Ancaq bu düzəlişi vətəndaşların hüquqlarını pozaraq etmək üçün heç kim sizə haqq verməyib.

BNA haqqında deyəcək çox sözümüz var. BNA-nın fəaliyyətindən narazıları görmək istəyirik. Fikirlərinizi, qanuna uyğun hesab etmədiklərinizi bizə ünvanlayın. Biz də bir “yol” ilə mövzuya qayıdacağıq. Nə qədər ki, “BNA” adlı bir kabus var, bu mövzulara qayıtmağa məhkumuq… (Bizimyol)

Bənzər yazılar

Back to top button