ManşetSiyasət

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması problemə nöqtə qoymaya bilər” (ŞƏRH)

“Rusiya Qarabağın öz nəzarətindəki hissəsinin taleyini Azərbaycan-Ermənistan sülh və əməkdaşlıq prosesindən ayırıb”.

AzToday.az xəbər verir ki,bu sözləri politoloq Şahin Cəfərli Azərbaycanla Ermənistanda arasında gözlənilən danışıqlar prosesini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhəd münaqişəsi ilə Qarabağ probleminin çözümünə fərqli baxır:

“Rusiyanın nəzərində ikisi bir-birinə bağlı deyil, ayrı-ayrı məsələlərdir və biri digərinə mane olmur.
Rus strateji dövlət ağlı elə situasiya yaradıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da problemə nöqtə qoymaya bilər. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra da Dağlıq Qarabağ erməniləri “Ermənistan onsuz da bizi tanımamışdı, onların bu qərarı heç nəyi dəyişmir, biz öz müqəddəratımızı çoxdan Azərbaycan sərhədlərindən kənarda müəyyənləşdirimişik” deyə bilər, yaxud Rusiya bunu onlara dedirdə bilər. “Sülhməramlı əməliyyat”ın keçirildiyi ərazi, o cümlədən Laçın dəhlizi Ermənistanın nəzarətində deyil ki, sülh müqaviləsi nəticəsində Ermənistan hökuməti oranı Azərbaycana təhvil versin və məsələ bitsin.

Yaxın həftələrdə böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sərhəd xəttinin delimitasiyası haqqında sənəd imzalanacaq, müəyyən müddət sonra kommunikasiyaların (o cümlədən Zəngəzur yolunun) açılması və iqtisadi əlaqələrin bərpası da baş verəcək, amma bunun Qarabağa birbaşa aidiyyəti olmayacaq. Ən yaxşı halda, ola bilər ki, Rusiya DQMV dövründəkinə bənzər status-kvoya qayıdışa razılıq verər: ərazidə Azərbaycanın suverenliyi bərpa olunar, sülhməramlılar isə daimi Rusiya hərbi bazasına çevrilib, erməni əhalinin təhlükəsizliyinin qarantı kimi orada qalar.

Birinci savaş və ondan sonrakı mərhələ ermənilərin taktiki üstünlüyü ilə keçdi. İkinci savaş və ondan sonrakı mərhələ bizim taktiki üstünlüyümüzlə keçir. Hər iki dövrün strateji qazananı isə Rusiyadır. Zəngəzur yolunun açılması Azərbaycanın taktiki qələbəsi kimi görünəcək, amma Rusiyadan asılılığı da artırma ehtimalı var. Bu səbəbdən, Azərbaycan rəhbərliyinin hərarətlə “Zəngəzur dəhlizi”ndən danışmasına baxmayaraq, mən inanmıram ki, Bakı Rusiyanın nəzarətindəki ərazini Türkiyə və Avropaya çıxış üçün əsas tranzit məntəqə kimi görsün. Oradan təbii ki, Naxçıvana, Türkiyəyə gediş-gəliş olacaq, yüklər də daşınacaq, amma Gürcüstan yolu yaxın və orta vədədə strateji önəmini saxlayacaq, uzunmüddətli perspektivdə nə olacağını isə deyə bilmərəm.

Rusiya hər iki xalqı da, bu coğrafiyanı da azərbaycanlıların və ermənilərin özündən yaxşı tanıyır. “Böyük qardaş” təkcə hökumətlərin qərarlarına təsir etmir, hər iki xalqın duyğularını, hiss-həyəcanlarını da idarə edə bilir, istədiyi vaxt gah bizim, gah ermənilərin “eşşəyini itirir”, sonra “tapdırıb”, sevindirir. Bizi cəzalandırmaq lazım olanda erməniləri qızışdırır, ermənilər “yoldan çıxanda” imkan verir ki, biz onların cavabını verək, amma onların qızışıb üstümüzə gəlməsi də, bzim onlara hədd bildirməyimiz də yarımçıq qalır, heç bir tərəf tam qələbə çalmır.
Rus dövlətinin bölgəmizlə bağlı tarixi yaddaşı və imperialist kodları bu gün də onun siyasətini müəyyənləşdirən və istiqamətləndirən əsas mənbədir. Sadəcə, məqsədə çatmaq, maraqları qorumaq üçün istifadə edilən üsullar zamanın tələbinə və reallıqlara uyğun dəyişir, hazırda da (əslində 2016-dan bəri) növbəti paradiqma dəyişikliyini müşahidə edirik. Əvvəl konflikti dondurmaqla maraqlarını təmin edən Rusiya indi konfliktin həlli (tam olmasa da) və regional kooperasiyaya rəvac verib, bu prosesləri öz nəzarətində və liderliyində gerçəkləşdirməklə maraqlarını təmin etmək yolunu seçib”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button