Paşinyan ikisindən birini seçməlidir: III seçimi yoxdur (ŞƏRH)

by Aztoday Xəbər Portalı

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 18-də sərhəddəki son olaylarla bağlı parlamentdə çıxış edərək deputatların suallarına cavab verib. Paşinyanın çıxışından və sualla verdiyi cavablardan onun hansı qərarlar verəcəyi qənaətinə gəlmək olar:

Birincisi, Paşinyan etiraf edib ki, uzun illər Ermənistanla Azərbaycan arasında sərhəd olmayıb, çünki Ermənistan Azərbaycan ərazilərinə nəzarət (oxu: işğal ) edib. Ona görə də hazırki toqquşmalar qeydə alınır. Yəni Paşinyan mövcud toqquşmaları labüd hesab edir.

İkincisi, Paşinyan etiraf edib ki, beynəlxalq aləmdən və beynəlxalq təşkilatlardan dəstək ala bilmirlər və bu proses o hakimiyyətə gəlmədən öncə formalaşmağa başlayıb. “Böyük dövlətlər Ermənistanın şikayətlərindən beziblər” deyən Paşinyan bu məsələdə haqlıdır, hətta İrəvana müxtəlif zamanlarda dəstək verən dövlət və mərkəzlər ermənilərin daimi ağlaşmalarından beziblər. Paşinyan “böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistana və Azərbaycana məsləhət görürlər ki, problemlərinizi öz aranızda həll edin” fikrində də haqlıdır. Bununla əslində Paşinyan Qarabağ klanının simasında radikal müxalifətə işarə edib ki, Rusiyaya olan ümidlər özünü doğrultmur, Ermənistan Azərbaycanla qarşıdurmada təklənib. Elə bunun nəticəsidir ki, Ermənistan hakimiyyəti sərhəd məsələsində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəstək məqsədilə yazılı müraciət etməyi lazım bilmir. Görünür, anlayırlar ki, müraciət nəticəsiz qalacaq.

Üçüncüsü, Nikol Paşinyan parlamentdəki çıxışında bildirib ki, Azərbaycanla bütün məsələləri həll etməyə, o cümlədən Bakı ilə sülh sazişini imzalamağa və sərhədi müəyyənləşdirməyə hazırdır. Paşinyan çıxışının bu hissəsində ikibaşlı danışıb. Azərbaycan üçün Ermənistanla imzalanan sülh sazişi o deməkdir ki, rəsmi İrəvan nəhayət ki, Azərbaycanın ərazi bütövlüyünü – Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq. Paşinyan buna hazır deyil. Onun nəzərdə tutduğu sülh sazişi Qarabağ məsələsini “mötərizəyə alır”, yəni bu məsələ ilə Minsk Qrupu məşğul olmalıdır. Belə sülh sazişi isə bizə lazım deyil. Sərhəd məsələsinə gəldikdə Paşinyan burda da həqiqəti söyləmir. Əgər Paşinyan sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlara hazır olsaydı, Kremlin təklifi ilə bu ayın əvvəlində üçlü görüşə qatılardı. Paşinyan imkan daxilində bu məsələni uzatmağa çalışır. Ancaq Ermənistan ordusunun sərhəddə verdiyi son itkilər və hərbçilərinin Azərbaycana yenidən əsir düşməsi Paşinyanı hansısa qərar verməyə tələsdirməlidir.

Paşinyan iki seçim qarşısında qalıb. Birinci seçim Azərbaycanla dəhlizin açılması, sərhədlərin müəyyənləşməsi və sülh sazişiylə bağlı danışıqlara başlamaqdır. Ancaq bu seçim Ermənistan daxilində ona qarşı müqaviməti artıracaq, müxalifəti daha çox radikallaşdıracaq. İkinci seçim Azərbaycanla həll olunmalı məsələləri uzatmaq yolu ilə qeyri-müəyyənliyi davam etdirməkdir. Ancaq bu seçim də Paşinyana yaxşı heç nə vəd etmir. Azərbaycanla razılaşmaların olmaması Ermənistanın itkilərini artıracaq ki, buna görə də Paşinyan cəmiyyəti qarşısında cavab verməli olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər Yazılar