Hadisə

Taleh Bağırovun müavininin cəzası ağırlaşdırılıb

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun – “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatının sədr müavini Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, 12 nəfərdən 11-i ilə bağlı hissədə hökmə heç bir dəyişiklik etməyib. Yalnız Z.Mikayılova aid hissədə dəyişiklik olub. Ona verilmiş 17 illik həbsin müddətinə toxunulmasa da, bu, cəzanın çəkilmə rejimi dəyişdirilib.

Belə ki, birinci instansiya məhkəməsinin hökmündə Z.Mikayılovun cəzasını ciddi rejimli müəssisədə çəkməsi nəzərdə tutulması barədə hökm çıxarılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarında isə xüsusi rejimdə çəkilməsi qeyd olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb. Həmin şəxslər özlərini təqsirli bilmirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 13 il, Eldar Bünyatov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Mübariz İbrahimov 13 il, Ramin Seyfullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Bənzər yazılar

Back to top button