Cəmiyyət

Dövlətin müharibə veteranlarının müavinətini artırmaq üçün vəsaiti var – Nemət Əliyev

Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır. Bu sənəd Silahlı Qüvvələrin bütün növlərini əhatə edəcək və döyüşdə iştirak edən hərbi qulluqçulara 2-3 qat artıq vəzifə maaşı verilməsini nəzərdə tutur.

Qeyd edək ki, ötən ilin sonunda Azərbaycan dövlət başçısının sərəncamı ilə şəhid ailələrinin, müharibə əlillərinin aldığı müavinətlər və Prezident təqaüdlərinin məbləği artırılıb. Hazırkı qanunvericiliyə görə isə müharibə iştirakçılarına aylıq cəmi 80 manat məbləğində təqaüd nəzərdə tutulur.

Bu məbləğ yetərlidirmi? Müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətlərin artırılması gözlənilir mi? Natiq adlı müharibə iştirakçısı müharibəyə müavinət üçün getmədiyini deyir. “O vaxt hər şeyi gözə alıb işğalda olan torpaqları azad etmək üçün döyüşlərə qatılırdıq. Şükür ki, torpaqları aldıq, özümüz də sağ-salamat qayıtdlıq. İndi də əvvəlki işdə işləyib özümü birtəhər dolandırıram. Amma 80 manat çox azdır. Bu pula nə almaq olar? Heç nə”, deyə veteran bildirir.

“Qarabağ Qaziləri” İctimai Birliyinin gənclər qurumunun Binəqədi filialının sədri Ayaz Qasımov bildirib ki, bu ilin fevralında vətən müharibəsi iştirakçılarına “Müharibə Veteranı” adının verilməsi ilə bağlı komissiya yaradılıb. “Deyilmişdi ki, komissiya müharibə veteranı adı veriləcək iştirakçıların siyahısını müəyyənləşdirəcək və müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək. Amma hələ də müharibə iştirakçılarına veteran adı verilməyib və ona görə də heç bu 80 manat da ödənilmir”.

Hətta müharibə əlillərinə ödənilən 410 manat müavinət də yetərli deyil, deyə Həsənov sözünə davam edib. Onun sözlərinə görə, veteranlara verilən təqaüd ən azı 150 manat olmalıdır.

Milli Məclisin deputatı Fazil Mustafa isə hesab edir ki, veteranlara 100, 150 manat da verilsə, bu da yetərli olmayacaq. Burada daha çox qazilərin işlə təmin olunması və normal əmək haqqı alması daha vacibdir. “Bizdə əsas problem işsizlikdir. Onu həll etsək, digər məsələlər də həllini tapacaq”, deyə Mustafa bildirib.

İqtisadçı ekspert Nemət Əliyev isə deyir ki, ki, Azərbaycan hökumətinin sosial siyasəti, xüsusi olaraq pensiyaların və müavinətlərin verilməsi sahəsində çox bərbaddır. Müharibə iştirakçılarının xüsusi qayğıya ehtiyacı var.

“Yaralananlar da qəhrəmandır. Buna görə bütün müharibə veteranları yüksək sosial təminatla əhatə olunmalıdır”, deyə o bildirib.

“Son 9 ayda Azərbaycanın xarici ticarət dövriyyəsindən xalis gəliri 9 mlrd. manat təşkil edib. Dövlət yerli malların satışından da böyük vəsait əldə edib. Buna görə müavinətlərin artırılması üçün pul olmadığı haqqında arqumentlər əsassızdır”, deyə Əliyev bildirib. (Turan)

Bənzər yazılar

Back to top button