Cəmiyyət

Dünyada pandemiya alovlanır – Məhdudiyyətlər gündəmdədir (ŞƏRH)

Koronavirus epidemiyası qlobal miqyasda təsirlərini davam etdirir. Ümumilikdə 254 milyondan çox inan infeksiyaya yoluxub və 5 milyondan artıq şəxs virus səbəbindən həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, ardıcıl dördüncü həftədir ki, qlobal miqyasda yoluxma və ölüm saylarında artım müşahidə olunur. Ötən həftə 3,3 milyon insanın virusa yoluxduğu və bunun böyük hissəsinin də Avropa ölkələrinin payına düşdüyü vurğulanıb. Ekspertlər yoluxmaların artmasını əsasən virusun mutasiyaya məruz qalması nəticəsində daha yoluxucu “Delta” və “Delta+”, yəni “Ay.4.2” variantının yayılması və mövsümlə əlaqələndirirlər.

Pandemiyaya qarşı məhdudiyyətlər yenidən gündəmdə…

Yoluxma və ölüm sayının artması bir çox ölkəni əlavə tədbirlər görməyə məcbur edib. Belə ki, Hollandiya hökuməti noyabrın 2-də maska və sosial məsafə qaydalarını yenidən bərpa etmişdi, lakin ölkə miqyasında epidemioloji vəziyyətin daha da pisləşməsi səbəbindən noyabrın 13-dən qismən qapanma tədbirlərinin tətbiqinə başlanılıb.

Yoluxma sayındakı artımlar İtaliyanı da məhdudiyyətləri genişləndirməyə sövq edib. Belə ki, ictimai nəqliyyatda nəzarət gücləndirilib. Artıq taksi və xüsusi sərnişindaşıma ilə məşğul olanlara 2-dən çox sərnişin götürməyə icazə verilmir.

Avstriyada vaksinasiya olunmayan şəxslərin küçəyə çıxmasına məhdudiyyət tətbiq edilib, Ukraynada isə əhalinin vaksinasiyaya təşviqi üçün pul mükafatının verilməsi nəzərdə tutulub.

Azərbaycana gəlincə səhiyyə naziri əvəzi Teymur Musayev hələlik məhdudiyyətlərin tətbiq edilməsinə ehtiyac olmadığını açıqlamışdı.

Pandemiya ilə bağlı Trend-ə açıqlama verən həkim-infeksionist Könül İsmayılova bildirib ki, hazırda epidemioloji vəziyyət ölkəmiz üçün stabil hesab oluna bilər, lakin, yanaşı olaraq mövsümi infeksiya halları izlənilməkdədir:

“Qəfil və kəskin iqlim dəyişikliyi buna yoluxmaların artmasına təkan verən amillər sırasındadır. Mutasiya etmək viruslara xas xüsusiyyətdir, bu, əhalidə narahatlıq doğurmalı deyil, sadəcə olaraq qorunma tədbirlərinə əməl etmək yetərlidir. Əl gigiyenası, respirator etiketlərə, qapalı məkanlarda maska istifadəsi və spirt əsaslı dezinfektantların istifadəsi standart-əsaslı qorunma tədbirləridir. Hazırda dünyada ən çox ölüm sayı Rusiyada izlənilir, bu isə onlarda vaksinasiya olunmuş əhalinin sayının azlığı ilə əlaqələndirilir. Azərbaycanda hazırda buster doza alan şəxslər kifayət saydadır. Buster doza yaranmış immuniteti gücləndirməyə yardım edir. O səbəbdən də risk qrupunda olan insanların buster doza alması tövsiyyə olunandır”.

Koronavirusa qarşı vaksinləri həblər əvəz edəcək?

Qeyd edək ki, aparıcı dərman şirkətləri virusun qarşısının alınması üçün tədqiqatlarını davam etdirirlər. Yaxın gələcəkdə ənənəvi vaksinləri həblər əvəz edə bilər. Belə ki, “Pfizer” şirkəti “Paxlovid” adlı preparatının ağırlaşmış və ölüm riski yüksək olan xəstələrdə istifadə olunması üçün ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsinə (FDA) müraciət edib. Müsbət cavab veriləcəyi təqdirdə, yaxın həftələrdə həbin satışa çıxarılacağı gözlənilir. Sözügedən dərmanın xəstəxanalara düşmə və ölüm riskini 89 faiz azaltdığı bildirilir. Xatırladaq ki, bir müddət əvvəl isə “Merck & Co” şirkətinin “Molnupiravir” adlı koronavirus əleyhinə preparatı təqdim edilmiş və İngiltərə bunun istifadəsinə icazə verən ilk ölkə olmuşdu.

Bəs yeni vasitələr pandemiyanın sonunu gətirə bilərmi?

Könül İsmayılovanın sözlərinə görə, hazırda dünya ölkələrində epidemik alovlanmalar yüksək olduğu bir halda bunu qabaqcadan proqnozlaşdırmaq çətindir. Lakin, tibb elmi daima inkişafdadır.

“Təbii ki, daima yenilənən texnologiya və təbabət sahəsində sonunda hər bir tibbi problemin aradan qaldırılmasında nailiyyətlər əldə olunacaq. Koronavirusla mübarizədə tibbdə digər virus xəstəlikləri üçün istifadə olunan virusəleyhinə preparatlar da tətbiq olunur və zamanla bu preparatların effektivliyi qiymətləndirilir. Koronavirusa qarşı dərmanların sayının artması əsas deyil, bu preparatların effektivliyi və insan sağlamlığı üçün təhlükəsizliyi önəmlidir”.

Bənzər yazılar

Back to top button