ManşetSiyasət

Ermənistan vaxt qazanmaq, beynəlxaq gücləri prosesə qoşmaq istəyir (MÜSAHİBƏ)

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Daha 10 nəfər yaralanıb. Azərbaycan – Ermənistan sərhədində vəziyyət noyabrın 16-ı axşamdan Rusiya tərəfinin vasitəçiliyi ilə dayandırılıb.

İki ölkə sərhəddində baş verən bu dəfəki gərginliyin səbəbi nə idi? Müharibə bitibsə, niyə yenidən gərginlik yaşanır, itki verilir?

Konfliktoloq Əvəz Həsənov mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

* * *

– Əvəz bəy, son günlər Azərbaycan-Ermənistan sərhəddində nə baş verirdi? Bu gərginliyin arxasında hansı səbəblər dayanırdı?

– Bütün bu baş verənlərin arxasında duran əsas səbəb – 2020-ci il müharibəsinin məntiqi nəticəsinə gətirib çıxaran işlərin görülməsini zəruri edəcək addımların atılmasından ibarətdir. Müharibənin əgər hər iki tərəf üçün bitdiyi qəbul olunursa, onda Ermənistan tərəfi sərhədlərin tanınması prosesinə rəvac verməli və Azərbaycanla sülh müqaviləsini imzalamağa maraqlı olmalıdır. Yox, əgər Ermənistan tərəfi müharibənin bitmədiyini, yenidən dağıntılara gedəcəyini planlaşdırırsa, onda sərhəddə gərginlik davam edəcək, zaman keçdikcə və Ermənistan hərbi güc qazandıqca bu daha da intensiv ola biləcək.

– Son günlər sərhəddə yaşanan ciddi hadisələr göstərdi ki, hər an hərbi əməliyyatlar yenidən başlaya bilər. Kimdir bunu istəyən və ya istəyənlər?

Cavab: Burada maraq yalnız ondan ibarətdir ki, Azərbaycan tərəfi müharibədən sonra sülhün əldə olunacağına inanaraq sərhədlərin delimitasiyası və demarkasiyasını daha tez etmək istəyir. Təbii ki, bu prosesin tez getməsi Ermənistanın marağında olmadığından onlar bu prosesi uzatmaqda maraqlıdırlar. Hərbçilər isə onlara tapşırılan vəzifələrinə uyğun olaraq onların malik olduqları sərhəd xətti boyu öz mövqelərini möhkəmləndirmək və qorumaq istəyirlər.

İndiyə kimi Azərbaycan tərəfi sərhəd məntəqələrinin müəyyən olunmasında ciddi maneəyə rast gəlmirdi. Hər halda ermənilər ağır sılahların istifadəsindən çəkinirdilər. İndi isə Ermənistanın daxilində müxalifətin etirazlarının artması və Paşinyanı satqınlıqda ittiham edərək istefasının tələb olunması, onunla haqq-hesabın çürüdülməsinə çağırışların olunması baş naziri öz cəmiyyətini sakitləşdirmək üçün sərt addımlar atmağa məcbur etdi.

– Amma Paşinyan bir neçə gün əvvəl sərhəddə baş verən təxribatları əsas gətirərək müdafiə nazirini istefaya göndərir. Bundan bir gün sonra isə təxribatlar daha da artır, gərginlik daha da çoxalır, itkilər baş verir. Ola bilərmi kimsə Ermənistanda baş nazirin istəyini heçə sayır? Yoxsa elə Paşinyan özü ikili oyun oynayır?

– Bu barədə yuxarıdakı sualda cavab verməyə başlamışdım. Paşinyan onun ölkəsinin delimitasiya və demarkasiya məsələsində, eləcə də sülh müqaviləsinin imzalanması məsələsində çıxış yolunun olmadığını yaxşı başa düşür. Amma, bunu tez və gec etməyin fərqindədir. İmkan qədər vaxt udmaq, mümkün qədər beynəlxaq gücləri bu prosesə qoşmaq istəyir. Dövlətlərin dəstəyinə ümid edir. Görünən odur ki, sülh müqaviləsi imzalanması məsələsində bütün güclər faktiki olaraq lehinə çıxırlar. Bu Paşinyanın partiyası üçün həm çıxılmaz vəziyyət deməkdir, həm də öz xalqına inandırmaq üçün ki, bizi müdafiə edən dövlətlər belə bizə barış üçün hazır olmağı məsləhət verir mesajının verilməsinə imkan yaradır. Paşinyana qarşı hədələrin sayının çox olmasına baxmayaraq, onun partiyası parlamentdə çoxluğa malik partiyadır. Tezliklə onun azsaylı mitinqlərin qarşısında təslim olacağı da inandırıcı görünmür.

– ATƏT-in Minsk qrupunun həmsədrləri vəziyyətlə bağlı bəyanat yaydılar. Ümumiyyətlə son vaxtlar aktivləşmək istəkləri hiss olunur. Ola bilərmi gərginlik ATƏT-in Minsk Qrupunun prosesə yenidən daxil olmasını təmin etmək üçün məqsədli şəkildə törədilir?

– Son insidentlə bağlı tərəflərin ittihamları və verilən reaksiyalar onu sübut etdi ki, həmin güclər danışıqlara gəlməyə, gərginliyi azaltmağa çağırış edirlər. Təbii ki, ATƏT-in Minsk qrupu, Avropa İttifaqı öz münasibətini bildirdi. Lakin, insidentin dayandırılması üçün əsas vasitəçiliyi və yaxud tərəflərə təzyiqi Rusiya edə bildi.

Deməli, Rusiya qarşıdakı illərdə də tərəflər arasında baş verən hər hansı problemi tənzimləmək üçün gücə və təsirə malik olacaq. Minsk qrupu burada “vasitəçi meydançası” rolunu oynayır. Ancaq tərəflərə təcili zəng imkanı hələ də Rusiya tərəfində qalır.

– Maraqlıdır ki, proseslərlə bağlı yalnız Müdafiə Nazirliyi və XİN bəyanat verir. Bu barədə dövlət başçısı və digər rəsmi şəxslər danışmadı, açıqlama vermədi. Sizcə, niyə?

– Vəziyyət doğrudan da 44 günlük müharibədən sonra çox gərgin həddə gəlib çatıb. Azərbaycan tərəfi Ermənistanın inadkarlığını sındırmaq üçün sərhədlərin müəyyən olunmasını yekunlaşdırmaq istəyir. Ermənistan bu durumda təcili qərar verməli və yaxud sərhədlərini qorumaq üçün gücünü toplamalıdır. Əgər bunu etməyəcəksə, deməli Azərbaycan mümkün olan qədər Ermənistanı küncə sıxacaq. Rusiya bu məsələdə hələ ki, vasitəçi rolundadır və Rusiya prezidenti Vladimir Putinin “sərhədlərin müəyyən olunması üçün xəritələrin Rusiya Baş Qərargah idarəsində olmasını” deməsi məsələyə birbaşa müdaxilənin gündəlikdə olmadığını göstərir. Ermənistan rəsmi surətdə KTMT-yə müraciət etməyib, halbuki gərginliyin ilk saatlarında bunu edə bilərdi. İndi artıq gərginlik aradan qalxdısa və tərəflər sakitliyə əməl edəcəksə, müraciət etmək artıq mənasız olacaq. Ona görə də bu insidentə münasibət müdafiə və xarici işlər nazirliyi səviyyəsində oldu ki, Azərbaycan prezidentinin hər hansı reaksiyasının olması qarşı tərəfdə müdaxilə kimi qiymətləndirilməklə yanaşı, KTMT-yə rəsmi müraciət üçün daha çox əsas verərdi. Taktiki olaraq bu düzgün seçilmiş mövqe idi.

İndiki mərhələdə topun Ermənistan ərazisində olduğu aydındır. Müharibəni uduzmalarına baxmayaraq Ermənistanın qarşısında gələcək üçün daha ağır qərarların qəbul olunması seçimi durur. Bunu isə daxili gərginlik, xarici təzyiq və sərhədboyu artan gərginlik fonunda etmək bir qədər çətin görünür. Daha stabil münasibətlərin qurulması üçün danışıqların aparılması və münasibətlərin sinxron olaraq normallaşdırılmasına ehtiyac var.

– Proseslər bu dəfə Qarabağda deyil, Azərbaycanla Ermənistanın sərhəddində baş verir. Gərginlik müvəqqəti olaraq durdurulsa da, bunun yenidən beş verməyəcəyinə zəmanət yoxdur. Bu gərginlik hara qədər gedib çıxa bilər? Azərbaycan anttiterror, lokal və ya yenidən Ermənistana qarşı genişmiqyaslı əməliyyatlara başlaya bilər?

– Ermənistan ilə sərhəddə baş verən qarşıdurmanın antiterror əməliyyatına heç bir aidiyyəti yoxdur. Bu sadəcə ikitərəfli gərginliyin artması yolu ilə sülhün əldə olunması üçün mövqelərin dartışmasına gətirib çıxaracaq. Ermənistana qarşı hansı genişmiqyaslı əməliyyat ola bilər? Buna ehtiyac varmı? Nə üçün biz öz vəziyyətimizi ağırlaşdırmalıyıq? Azərbaycan tərəfi müharibə nəticəsində əldə edə biləcəklərindən daha çoxuna nail olub. Əgər qarışıqlıq olmayacaqsa, bütün proseslərin məntiqi sonluğu sülhün əldə olunmasına doğru gedir. Belə olan halda tələsik qərarlar və ölçülüb-biçilməyən addımların zərər gətirə bilməməsinə nail olmaq lazımdır.

Aydın olanı odur ki, Rusiya və Türkiyə artıq Qarabağ probleminin həll olunmasında mövqe ortaya qoymaqla regionda onların istədiklərinin reallaşdırılmasına gedirlər. Onların istəyi indiki halda gərginliyin artmasına imkan verməmək və digər güclərin bu gərginlikdən istifadə edərək yenidən regionda təsir imkanı qazanmağa mane olmasından ibarətdir.

Bənzər yazılar

Back to top button