GündəmManşetSiyasət

Bir qrup ictimai xadim Saleh Rüstəmovu azad etməyə və siyasi məhbuslar probleminə son qoymağa çağırıb

Bir qrup ictimai xadim Mövqe sənədi yayaraq, Qarabağ müharibəsi qazisi Saleh Rüstəmovu azad etməyə, siyasi məhbuslar problemini həl etməyə və ədalətsiz məhkəmə hökmlərinə son qoymaq üçün məhkəmə islahatını aparmağa çağırdı. Sənəddə deyilir:

Biz, sivil toplum nümayəndələri, 2018-ci il mayın 8-də tutulan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Gədəbəy rayonunun keçmiş icra başçısı, Qarabağ müharibəsi qazisi Saleh Rüstəmovun 15 gündür ki, aclıq aksiyası keçirməsindən, onun sağlamlıq durumundan narahatıq. Vəkillərinin və əzizlərinin bildirdiyinə görə, Saleh Rüstəmovun aclıq aksiyası keçirməsi artıq onun sağlamlıq durumu ilə bağlı ağır fəsadlar yaradıb, onun həyatına real təhlükələr yaranıb.

Azərbaycanın müstəqillik qazanmasından bu günə qədər ölkə parlamenti 11 Aministiya Aktı qəbul edib, ölkə başçısı tərəfindən 67 Əfv sərəncamı imzalanıb. Bunlar ümumilikdə yüz minə yaxın məhkumun azadlığa çıxmasına və ya onların cəzalarının yüngülləşdirilməsinə gətirib çıxarıb. Belə aktlar məhkumların bir çoxu barəsində ədalətsiz məhkəmə qərarlarının nəticəsini aradan qaldırsa da, təəssüflər olsun ki, bu, ümumi olaraq, ədalətin qələbəsi anlamına gəlmir.

Əfv və Amnistiya aktlarının tətbiq edildiyi işlərin əksəriyyətinin analizi göstərir ki, mövcud məhkəmə-hüquq sistemi ciddi problemlidir, belə işlərin çoxu həmin problemlərin “məhsuludur”. Həm də bu sistemin problemlərinin nəticəsidir ki, hələ də ölkəmizdə siyasi məzmunlu həbslər baş verir, “vicdan məhbusları” problemi qalmaqda davam edir. Belə problemlərdən təkcə daxili ictimai-siyasi durum neqativ təsirlənmir, eyni zamanda beynəlxalq sferada ölkəmiz üçün gərginlik mənbəyi rolu oynayır.

Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycandan göndərilmiş şikayətlər üzrə verdiyi qərarlar da məhkəmə sistemindəki problemləri aydın göstərir. Bu qərarlar siyasi düşüncələrinə, baxışlarına görə həbsələrin ölkəmizdə yayğın olmasını, yerli məhkəmələrin qərarlarının ciddi çatışmazlıqlarla qəbul edildiyini təsdiqləyir. Siyasi baxışlarına görə insanların təqib edilməsi, çıxarılan şübhəli məhkəmə qərarları – bunların bir yerdə beynəlxalq arenada yaratdığı neqativ baxış, dolayısı ilə, Azərbaycanın başlıca problemləri, o cümlədən, Qarabağ məsələsi ətrafındakı siyasi-diplomatik sürəci də mənfi təsirləndirir.

Qeyd edilənlərin fonunda ədalətsiz məhkəmə qərarları ilə çoxsaylı təqsirsiz insanların, eləcə də, Saleh Rüstəmovun hələ də həbsdə saxlanılması, onun aclıq aksiyası keçirməsi, sağlamlığına həyati təhlükənin yaranması, habelə, yeni təqib olaylarının baş verməsi, ölkəmizin firavan gələciyini arzulayan, bunun üçün çalışan, bu yolda bütün səy və addımları dəstəkləyən bizləri ciddi narahat edir. Hesab edirik ki, bütün siyasi və vicdan məhbuslarının, xüsusilə də Saleh Rüstəmovun tezliklə azad edilməsi, “siyasi məhbus” problemini doğuran səbəblərin ortadan qaldırılması, vətəndaş cəmiyyəti qurumlarına əlverişli qanuni mühitin yaradılması, ifadə azadlığının təmin edilməsi, özəlliklə, məhkəmə-hüquq sahəsində islahatlara başlanması, ölkəmizin firavan, mütərəqqi gələcəyi naminə ən başlıca addımlardan olardı.

İmza:

1. Nəsimi Məmmədli – Siyasi şərhçi

2. Xalid Ağəliyev – Hüquqşünas, Media hüququ eksperti

3. Akif Qurbanlı – Hüquqşünas, Seçki hüquq eksperti

4. Azər Mehdiyev – İqtisadçı ekspert

5. Rövşən Ağayev – İqtisadçı ekspert

6. Mehman Əliyev – Jurnalist, Turan İnformasiya Agentliyinin drektoru

7. Ələsgər Əhmədoğlu – Hüquqşünas, Media hüququ eksperti

8. Kamran Mahmudov – Araşdırmaçı jurnalist

9. Seymur Kazımov – Jurnalist

10. Ruslan İzzətli – Siyasətçi

11. Bəxtiyar Hacıyev – İctimai fəal

12. Bəşir Süleymanlı – Vətəndaş Hüquqları İnstitunun rəhbəri

13. Aslan Ismayilov, Hüquqşünas

14. Xaqani Cəfərli, Politoloq

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button