GündəmManşetSiyasət

Putinin Paşinyana sualları var

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 21-də telefon danışığı zamanı ( bu həftə ikinci dəfə) Dağlıq Qarabağ ətrafındakı vəziyyəti və onun sabitləşdirilməsi üzrə tədbirləri müzakirə ediblər. Bu barədə bazar günü Kremlin mətbuat xidməti məlumat yayıb.

“Regiondakı vəziyyətin və onun sabitləşdirilməsi istiqamətində görülən tədbirlərin müzakirəsi, Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası kontekstində davam etdirilib.

Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib. Gələcək təmaslar barədə razılığa gəlinib”, – mesajda deyilir.

Çərşənbə axşamı əvvəlki söhbət zamanı Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində ciddi döyüşlərdən sonrakı vəziyyəti və Paşinyanın Putinə hərbi yardım üçün müraciətini müzakirə ediblər.

Xəbərdə söhbətin kimin təşəbbüsü ilə getdiyi açıqlanmır. Lakin məlumdur ki, Paşinyanın noyabrın 9-da Putinin vasitəçiliyi ilə İlham Əliyevlə artıq razılaşdırılmış görüşdən imtina etməsi Moskvanı təəccübləndirib. Demək olar ki, bundan dərhal sonra o, Avropa İttifaqının rəhbəri Mişelin vasitəçiliyi ilə eyni görüşə razılıq verdi.

Moskva görüşündən imtina təkcə sərhəddə vəziyyətin gərginləşməsi və yeni ərazi itkiləri ilə deyil, həm də Moskvanın adamı adlandırılan Ermənistanın müdafiə naziri Arşak Karapetyanın işdən çıxarılması ilə üst-üstə düşüb. Eyni zamanda onun yerinə uzun müddət Rusiyanı aktiv şəkildə danlayan, Ermənistanın KTMT-dən çıxmasını tələb edən bir adam təyin edildi. (Turan)

Bənzər yazılar

Back to top button