İqtisadiyyatManşet

Təngivanlılar: “Qum-çınqıl karxanası kəndi yerlə-yeksan edib”

“Lənkəran Rayon Məhkəməsi bu sahibkarla bağlı hətta dövlət qurumlarından daxil olan şikayətləri də ört-basdır edir”

“12 ildən çoxdur ki, kəndimiz bir qum-çınqıl karxanası tərəfindən yerlə-yeksan olunur. Bütün dövlət orqanları buna göz yumur. Lənkərançayı qazandan sonra keçdilər örüş yerlərimizə, yollarmıza, pay torpaqlarımıza”.

Lənkəranın Aşağı Təngivan kənd sakini Zakir Əliyev deyir, hər gün çaya yaxın ərazidəki mal-qara yerinə gəlib çatmaq üçün 2 saatdan çox vaxt sərf edir. Səbəbsə karxananın ərazidə qazıntılar aparmaqla yolları keçilməz etməsidir: “Çayın sahilindəki 50 hektardan çox torpaq sahəsini 10 metr dərinliyində qazıb daşıdılar. 10 hektarlarla feyxoa bağları məhv edilib. Ancaq bu acgözlər hələ də dayanmaq bilmirlər və bunları heç kəs dayandırmır”.

Təngivanlılar bundan əvvəl də Meydan TV-yə müraciət ediblər. Ancaq problem həllini tapmayıb, əksinə, qazıntının miqyası daha da böyüyüb: “Yüzlərlə ağac çıxarılıb, məhv edilib, qalan yüzlərlə ağacsa quruyub gedir. 40-50 il əvvəl əkdiyimiz ağaclardan iz qalmayıb. O vaxtlar əlləriizlə qazdığımız su kanallarını texnikalarla dağıdıblar, ağacları suvara bilmədik. Mən illərlə bu bağın meyvəsini satıb ailəmi dolandırmışam. Ancaq neçə ildir ki, nə ağac var, nə meyvə… Kəndlilər dolanışıqlarını bağlardan, əkin sashələrindən təmin edirdilər, indi hamı ac-susuz qalıb”.

Kəndlilər təəssüflənirlər ki, bundan sonra buralarda əkin aparmaq, məhsul götürmək mümkün deyil: “Pay torpaqlarımıza gedən yollarımız da darmadağın edilib, pay torpaqlarımızdan əlimizi üzmüşük. Burda o qədər qazıntı aparılıb ki, daha burda nə əkin işi aparmaq, nə də məhsul götürmək olar”.

Şikayətçilər deyirlər ki, təngivanlılar gözlərini bu pay torpaqlarına dikmişdilər, onu da bu vəziyyətə salıblar: “Karxananın sahibi Şaiq Həsənov deyir, hara yazırsız yazın, mənə heç kim heç nə edə bilməz. Sizə fotolar, videolar göndərmişik, baxın, Aşağı və Yuxarı Təngivan beləcə viran qalıb. Hara yazırıqsa, məktublarımız guya araşdırılması üçün Lənkərana qayıdır, burda da ört-basdır olunur. Bu sahibkar məhkəməni də ələ alıb”.

Kəndlilərin sözlərinə görə, kəndin ərazisindən keçən 10 min voltluq elektrik dirəklərinin ətrafları da dərin qazılmaqla təhlükəli vəziyyət yaradılıb: “İcra hakimiyyəti başçısının müavini də gəlib baxdı, dedi, bunlar nə oyun çıxarırlar, bu gərginlikdə elektrik dirəklərinin dibini necə qazmaq olar? Dedi, getdi, nə karxana sahibinə söz deyən oldu, nə də bir tədbir görən…”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ötən ay kənd sakinlərinə məktub göndərib. Həmin məktubda yazılanlar nazirliyin avqustda yaydığı açıqlamada da yer alıb.

Aşağı Təngivan kəndi, Foto: Meydan TV

Nazirliyin bu ilin avqustunda yaydığı açıqlamada bildirilir ki, vətəndaşların müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu Təngivan kəndi ərazisində fəaliyyət göstərən “PROFCO” MMC qum-çınqıl karxanasının yaşayış evlərinə yaxın ərazidə monitorinq aparılıb:

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Meydan TV-yə bildirilib ki, bir neçə ay əvvəl Lənkərançay qum-çınqıl yatağına yenə baxış keçirilib. Baxış zamanı “Profco” MMC-nin müvafiq icazə sənədi olmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə tərtib olunmuş inzibati protokol yenə Lənkəran Rayon Məhkəməsinə göndərilib. Bu dəfə də məhkəmə tərəfində iş üzrə icraata xitam verib. Eyni zamanda toplanmış materiallar Baş Prokurorluğa da göndərilib.

Kənd sakinləri deyir, onlar bu məhkəmədə iştirak etmək istəsələr də, imkan verilməyib: “İki dəfə məhkəməyə getdik, hakim Rəşad Məmmədov bizi görüb, hər ikisində iclası təxirə saldı. Üçüncü dəfə gedəndə isə bizi məhkəmə salonuna buraxmadı. Hakim karxananın sahibiylə əlbir olub, elə oradaca işə baxılmasına xitam verdi. Lənkəran Rayon Məhkəməsi bu sahibkarla bağlı hətta dövlət qurumlarından daxil olan şikayətləri də ört-basdır edir”.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 13.05.2014-cü il tarixli 127 saylı sərəncamı ilə “Lənkərançay-2” qum-çınqıl yatağından 7.0 ha torpaq sahəsi “PROFCO” MMC və “Bayram-M” şirkətinə ayrılıb. Həmin torpaq sahəsinin 1.0 ha-da daş qırma materiallarının istehsalı üçün avadanlıqların quraşdırılmasına və 6.0 ha-da isə qum-çınqıl materialının götürülməsinə icazə verilib. İcra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, karxanın fəaliyyəti tam qanunidir və bütün normativlərə cavab verir.

Aşağı Təngivan kəndi, Foto: Meydan TV

Meydan TV sözügedən şirkətin sahibi ilə əlaqə saxlaya bilməyib.
Bu kənd əvvəllər rayonun Rvo kənd inzibati ərazi dairəsinin tərkibində olub. 2011-ci ilin oktyabrında Milli Məclisin qərarı ilə mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılıb və Təngivan da əvvəlki ərazi dairəsinin tərkibindən ayrılaraq yeri ərazi dairəsinin tərkibinə keçib. Dağətəyi kəndi Lənkərançay iki hissəyə bölür – Yuxarı Təngivan çayın sol, Aşağı Təngivan isə sağ qolunda yerləşir.

Aşağı və Yuxarı Təngivanda əhalinin sayı 500 nəfər civarındadır. Əhalinin dolanışğı kəndi iki hissəyə bölən Lənkərançayın o tayındakı pay torpaqlarından çıxır. Çünki kəndlilərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdan ibarətdir. Ancaq qazıntılar kəndliləri kənd təsərrüfatı ilə məşğul olmaqdan məhrum edib.

Bənzər yazılar

Back to top button