Hadisə

Saleh Rüstəmovun vəziyyəti ağırdır

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun vəziyyəti pisləşməyə davam edir. Bu barədə onun ailə üzvləri məlumat verib.

Onların sözlərinə görə, bu gün vəkil Bəhruz Bayramov Penitensiar Xidmətin Müalicə Müəssisəsində artıq 17-ci gündür aclıq aksiyası keçirən Rüstəmova baş çəkib. “Onlar şüşə arxasından telefonla danışıblar. Saleh bəy son dərəcə halsız idi, qırıq-qırıq səslə, güclə danışırdı. Cəmi 10 dəqiqə dayana bildi. Dedi ki, sona qədər aclığı davam etdirəcək, həftə içi nəticəni tezləşdirmək üçün quru aclığa keçəcək”.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

* Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami təkzib etmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəmov 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Rüstəmli və Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bənzər yazılar

Back to top button