GündəmManşetSiyasət

Brüssel görüşündən nə gözləmək olar?

Dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.

Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təklifi ilə baş tutacaq.

Oktyabrın sonlarında isə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov noyabrın əvvəlində Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə görüşün baş tutacağı ilə bağlı açıqlama vermişdi. Lakin sonra həmin görüş baş tutmamışdı.

Görüş niyə Moskvada yox, Brüsseldə Rusiyanın prezidenti olmadan keçiriləcək? Görüşün nəticəsindən nə gözləmək olar?

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elşad Mirbəşir oğlu Turan-a bildirib ki, Moskvadakı görüş Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində baş tutmayıb. “Ermənistan davranışları ilə nümayiş etdirirdi ki, danışıqlardan yayınmağa çalışır. Ermənistan bilir ki, növbəti mərhələyə addım atılmalıdır və sülh sazişi bağlanılmalıdır. Ermənistan ağır məğlubiyyətə uğramış tərəfdir. Ötən il noyabrın 10-da imzalanmış bəyanatdan əvvəl heç vaxt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin yaradılması müzakirə predmeti olmayıb, sənəd imzalanandan sonra Dağlıq Qarabağın statusu məsələsi aradan qalxmış oldu. Ermənistan üçün bu şərtlər olduqca ağırdır”.

Onun sözlərinə görə, Nikol Paşinyanı hakimiyyətə Qərb siyasi dairələri gətirib və onun qarşısında qoyulmuş əsas hədəflərdən biri Rusiyanın proseslərdə həlledici rolunu məhdudlaşdırmaqdır. “Təbii ki, Paşinyan bu istiqamətdə təsirli rol oynayacaq gücə malik deyil. Amma, yenə də, müəyyən məsələlərlə bağlı ölkəsinin mövqeyini ifadə edə bilir. Bu baxımdan Paşinyan Brüsseldə görüşün keçirilməsinə razılıq verib”.

Deputat qeyd edib ki, noyabrın 15-16-da Ermənistan Azərbaycana qarşı növbəti dəfə genişmiqyaslı təxribatlar törədib və növbəti dəfə Azərbaycanın sərt reaksiyası ilə qarşılaşıb. “Onun ardınca Ermənistanda Paşinyana qarşı mitinqlər başladı. Bununla da Ermənistan bir daha gördü ki, o heç bir halda Azərbaycanın güc mövqeyinə təsir edə bilməz. Ona görə də görüşün keçirilməsindən başqa yolu qalmadığını dərk etdi”.

Komitə üzvü vurğulayıb ki, Azərbaycan bu gün Ermənistanı sülhə məcburetmə əməliyyatı həyata keçirməkdədir. “Ermənistan da çox gözəl bilir ki, gec-tez bu, baş verəcək. Qərb də bu məntiqli sonu dərk edərək, Rusiyanın bu prosesdə həlledici rolunu həzm edə bilmir və proseslərdə bu və ya digər səviyyədə iştirak etməyə can atır”.

Onun fikrincə, Azərbaycan Brüsseldəki görüşdə öz güclü mövqeyi ilə çıxış edəcək. “Azərbaycanın aydın mövqeləri ortadadır – sərhədlər müəyyənləşdirilməlidir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu görüşdən sonra Azərbaycanın haqlı mövqeyi bir daha dünyanın təsirli siyasi dairələrinə çatmış olacaq. Hazırda gedən bütün proseslər Azərbaycanın xeyrinədir”.

Siyasi şərhçi Ərəstun Oruclu isə bildirib ki, Moskvadakı görüşə rəsmi Bakı həvəs göstərməyib və heç bir açıqlama verməyib, Ermənistan isə “görüş xətrinə görüşə ehtiyac yoxdur” deyib. “Bununla da görüş baş tutmadı. Amma eyni zamanda sərhəddə gərginlik yaşandı və həmin gərginlik zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona səfər etdi. Sonra da Vaşinqtondan Azərbaycanla Ermənistana çağırış gəldi. Bunun ardınca da ikitərəfli görüşün məhz Brüsseldə olacağı elan olundu”.

Ekspertin fikrincə, bu, Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərindən öz geosiyasi maraqları üçün yararlanmağa çalışması ilə bağlıdır. “Görünür, Moskva elə şərtlər irəli sürür ki, onlar nə Bakını, nə də İrəvanı qane etmir”.

Onun qənaətincə, Moskva yaranmış vəziyyətdən istifadə edərək bölgəyə əlavə sülhməramlı qüvvələr adı altında qoşunlar yeritmək istəyir. “Bunu Putinin bəyanatından da açıq şəkildə görmək olar. Çox güman ki, növbəti mərhələ kimi bu dəfə qoşunların Ermənistan-Azərbaycan sərhədində və Zəngəzur bölgəsinə yerləşdilirməsi nəzərdə tutulur. Bu variant Ermənistanla Azərbaycanı qane etmədiyindən onlar Qərbə doğru üz tutub”.

Politoliq Moskvanın bununla hesablaşacağını düşünmür. “Ehtimal var ki, Azərbaycan-Ermənistan sərhədində və hətta, ola bilsin ki, Qarabağın dağlıq hissəsində təxribatlar artsın və hətta lokal döyüşlər baş versin”.

O qeyd edib ki, Brüsseldəki görüşdə ciddi sənədin imzalanacağını düşünmür. “Bunun üçün hələ tezdir. Amma müəyyən niyyət protokolu imzalana bilər”.

Bənzər yazılar

Back to top button