Saleh Rüstəmli 19 gündür həbsxanada aclıq edir, ictimai-siyasi fəallar azadlıq tələb edir

by Aztoday Xəbər Portalı

Həbsxanada 19 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstımlinin səhhəti daha da ağırlaşıb.

Bu barədə noyabrın 24-də onunla görüşən bacısı Yeganə Rüstəmova Amerikanın Səsinə deyib.

“Biz Salehlə şüşə arakəsmənin arxasından görüşdük. Onun səsi çox zəif, xırıltılı və qırıq-qırıq olduğundan eşidə bilmirdim. Bir onu başa sala bildim ki, aclığı dayandırsın. Lakin, Saleh əli ilə sonadək gedəcəyini bildirdi,” o qeyd edib.

Dünən, noyabrın 23-də vəkil Bəhruz Bayramov Rüstəmli ilə görüşdən sonra vəziyyətinin kritik olduğunu deyib.

“Mən onunla şüşə arxasından telefonla danışdım. O, cəmi 7-8 dəqiqə danışa bildi. Rüstəmli güclə yeriyir, danışıq tərzini itirib. Qırıq-qırıq danışır, danışığı başa düşülmür. Baş həkim müayinə edib və deyib ki, vəziyyəti yaxşı deyil, məcburi müdaxilə ediləcək, qida qəbul etdiriləcək. Bu zaman Rüstəmli qəti etiraz bildirib. O, noyabrın 26-dan quru aclığa keçəcəyini, maye qəbul etməyəcəyini bildirdi,” vəkil Amerikanın Səsinə qeyd edib.

Vəkilin və ailə üzvlərinin dediklərinə Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətinin Müalicə Müəssisəindən şərh almaq mümkün olmayıb.

Rüstəmlinin aclıq etməsi sosial şəbəkələrə geniş müdafiə kampanaiyalarına səbəb olub. Çoxsaylı insanlar Rüstəmlinin günahının olmadığı qənatəindədir.

“Saleh Rüstəmliyə qarşı siyasi ittihamın əsas səbəbi Xalq Cəbhəsi Partiyası və siyasi məhbus ailələrinə maddi yardım göstərməsidir. Tutaq ki, o həqiqətən də bu partiya və onun tərəfdarlarına ianə verib. Axı, burada cinayət əməli yoxdur. Heç kim hansısa siyasi partiyanı müdafiə etdiyinə, maddi dəstək göstərdiyinə görə təqiblərə və qanunsuz həbsə məruz qala bilməz,” Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib.

Vəkil Aqil Layıc bildirir ki, azadlıq Saleh Rüstəmlinin və digər siyasi məhbusların haqqıdır.

“Saleh bəy ölkəmiz üçün dəyərdir. Ona azadlıq tələb edirəm. İnsanları ədalət üçün öldürməyin, ədalətlə yaşadın,” o qeyd edib.

Siyasi partiyalar və ictimai birliklərin əllidən çox funksionerinin müraciətində deyilir ki, qısa zamanda gərəkli tədbirlər görülməzsə Saleh Rüstəmlinin həyatı üçün qarşısı alınmaz təhlükələr meydana gələcək və bəlkə də, həyatını itirəcək.

“Aidiyyatı qurumlar bu məsələdə susmaqla Saleh Rüstəmlinin ölümünə göz yumur, sabah eyni mövzuda başqa siyasi fəalların da ölümü üçün səbəbiyyət verir. Saleh Rüstəmlinin hazırkı vəziyyətinə və qarşıdakı günlərdə başına gələcəklərə görə məsuliyyəti birbaşa Azərbaycan siyasi hakimiyyətinindir,” sənəddə qeyd edilir.

Şair İbrahim Xudayi də Saleh Rüstəmliyə azadlıq tələb edən şerlə çıxış edib.

“Ayıbdır, azad edin Salehi, budurmu mərd oğulların taleyi,” şair şerində qeyd edib.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami təkzib edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb

Bənzər Yazılar