AnalitikaManşetSiyasət

Azərbaycan geosiyasi tərəflərin hədəfinə gələrək “çarpaz atəş” altına düşə bilər (ŞƏRH)

Bu gün Soçidə üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşü keçiriləcək. Bundan öncə Kremlin noyabrın 9-na planlaşdırdığı görüş Ermənistanın baş naziri Nikol Paşinyanın imtinasından sonra baş tutmamışdı. Həmin görüşlə bağlı İlham Əliyev heç bir açıqlama verməyərək susmuşdu.

Xatırladım ki, Azərbaycan-Ermənistan sərhəddində silahlı qarşıdurma da məhz bundan sonra baş verdi. Onun ardınca isə tərəflər Avropa Birliyinin dekabrın 15-də Brüsseldə ikitərəfli formatda Əliyev-Paşinyan görüşü təklifini qəbul etdilər. Amma ikitərəfli əlaqələr Rusiyanı qane edə bilməzdi.

Elə bu səbəbdən də Rusiya prezidenti Putin tərəflərlə, daha doğrusu Paşinyanla telefon danışığı apararaq noyabrın 26-na Soçidə üçtərəfli görüş təklif etdi və bu dəfə razılıq əldə olundu. Maraqlıdır ki, bunun ardınca Paşinyan 2 saatlıq mətbuat konfransı keçirib müəyyən mesajlar versə də İlham Əliyev bu dəfə də susmağa üstünlük verdi. Bu haqda bir qədər sonra.

Rusiyanı Azərbaycanla Ermənistan arasında ikitərəfli əlaqələrin və münasibətlərin qurulması heç bir halda qane edə bilməz, çünki Kremlin cənub istiqamətində siyasəti iki ölkə arasında münaqişə üzərində qurulub. Məhz o səbəbdən də Rusiya bütün vasitələrlə münaqişəni öz təsiri altında saxlamaqda davam etməyə çalışacaq.

Bunun üçün də Putin Azərbaycanla Ermənistan arasındakı sərhəd mübahisəsini Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının sərancamında olan keçən əsrin 20-ci illərinə aid hansısa xəritələr əsanda çözməyi təklif edir. Putin bunu da bildirir ki, Rusiya üçün başqa dövlətin bu məsələyə qarışması məqbul deyil.

Eyni fikri Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşdə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko da iddialı şəkildə səsləndirib. Bəs Moskva niyə sərhəd məsələsində yalnız özünün iştirakında bu qədər israrlıdır? Doğrudanmı Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh və əminamanlıq lazımdır?

Belədirsə, o zaman Rusiya niyə sərhəd mübahisələrinin Avropa Birliyinin təklif etdiyi kimi ikitərəfli Azərbaycan-Ermənistan formatında həllini dəstəkləmir? Sualın cavabı sadə olduğu qədər də aydındır: İsti dənizlərə can atan Rusiya Cənubi Qafqaz üzərindən çıxışını yalnız Azərbaycan-Ermənistan münaqişəsi üzərində təmin edə bilər.

Çünki yalnız iki dövlət arasında münaqişə və mübahisələr Moskvaya müxtəlif bəhanələrlə və müxtəlif adlar altında öz silahlı qüvvələrini yerləşdirmək imkanı verir. Hərbi güc isə geosiyasətdə həlledici faktordur. Bölgədə “sülhməramlı” yerləşdirdikdən sonra Moskvanın dəyişmiş ritorikası da bunun sübutudur.

Xüsusilə də onun Azərbaycanla münasibətlərində nümayiş etdirdiyi açıq sayğısızlıq və Azərbaycan dövlətçiliyi üçün son dərəcə əhəmiyyətli məsələlərdə ölkə rəhbərliyinin rəyi ilə ümumiyyətlə maraqlanmaması. Həm Qarabağın dağlıq hissəsində, həm də Azərbaycan-Ermənistan sərhədləri ilə bağlı mübahisəli məsələlərdə.

Moskva üçün sərhəd münaqisəsinin onun vasitəçiliyi olmadan həlli ona görə yolverilməzdir ki, bu, iki ölkə arasında əvvəlcə münasibətlərin, ardınca da son nəticədə əməkdaşlığın qurulması ilə nəticələnə bilər. Bu, Moskva üçün mühüm geosiyasi mövqelərin itirilməsi demək olardı. Həmin səbəbdən də Rusiya sərhədlərin delimitasiyasına yalnız onun patronajı altında başlanmasında israr edir.

Amma sərhədlərin delimitasiyası on illər boyu uzana bilər ki, bu halda da Moskva problem çözülənədək silahlı qarşıdurmaların profiliktikası məqsədilə mübahisəli ərazilərə öz “sülhməramlılarının” yerləşdirilməsini təklif edə bilər və yüksək ehtimalla bunu da edəcək.

Moskvanın mübahisəli hesab etmək istədiyi ərazilərin real miqyası isə yalnız Rusiyanın təklif etdiyi “xəritələr” üzə çıxanda bilinəcək. Hələlik isə biz Azərbaycan-Ermənistan sərhədlərinin Rusiya üçün strateji əhəmiyyət kəsb edən hissələrində yeni “sülhməramlı” kontingentin yerləşdirilməsinin baş verə biləcəyi ehtimalı haqda düşünməliik.
Bunun mümkün olub-olmaması isə İlham Əliyevin və Nikol Paşinyanın Putinin təzyiqlərinə müqavimətindən asılı olacaq. Baş verənlər ərəfəsində İlham Əliyevin israrla susması və onun administrasiyası tərəfindən idarə olunan “media” vasitələrinin sərhəd mübahisələrində Rusiyanı Azərbaycanın tərəfdaşı kimi sırımağa çalışması heç də xoş məramlardan xəbər vermir.

Sanki Azərbaycan ictimai rəyi ucuz “Nə oldu, Paşinyan?” şousunun davamına hazırlanır. Söhbət keçən il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan xalqının xeyli hissəsinə uğurla qəbul etdirilmiş şoudan gedir. Bəs növbəti belə bir “sənədin” imzalanmasının, ardınca da hansısa həmsərhəd bölgələrə Rusiya “sülhməramlıalarının” yerləşdirilməsinin nəticəsi nə ola bilər?

Bu, ilk növbədə ölkəmizin həmin ərazilərdə suverenliyinin məhdudlaşdırılması demək olardı. Amma məsələ bununla da bitmir, çünki bu halda Azərbaycanla Ermənistan arasında sabit gərginliyi təmin edən hər iki geosiyasi vasitənin (Qarabağ və sərhədlər) üçüncü dövlətin-Rusiyanın nəzarətinə keçməsi olardı.

Belə olduqda da Azərbaycan bölgə uğrunda mübarizə aparan bütün geosiyasi tərəflərin hədəfinə gələrək “çarpaz atəş” altına düşə bilər. Bir o fərqlə ki, Rusiyadan gələn “atəş” ölkə üçün suverenliyin məhdudlaşdırılması və ondan asılılığın artması, Moskvanın rəqibləri tərəfindən isə ən müxtəlif sanksiyalar nəticəsində Rusiya qarşısında təklənmənin dərinləşməsi ola bilər.

Ərəstun Oruclu, politoloq

Bənzər yazılar

Back to top button