Hadisə

Əli Həsənovun nəvəsinin yol qəzasına görə atasının əmlakına həbs qoyuldu

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun kürəkəni Elman Allahverdiyevin əmlakı üzərinə həbs qoyulub.

Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, Allahverdiyevin rəhbərlik etdiyi “Gardenia” MMC-nin avtomobillərinin özgəninkiləşdirilməsi (satılması, bağışlanması və s.) qadağan olunub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Səbəb isə onun oğlu Nail Allahverdiyevin 2017-ci ilin avqustunda törətdiyi avtomobil qəzasıdır.

İki nəfərin ölümünə səbəb olmuş qəza nəticəsində Türkiyə vətəndaşları Songül və Mutallib Tekiş cütlüyü də ağır xəsarət alaraq əlil olub.

Onlar Allahverdiyev həbsdə olduğu dövrdə məhkəməyə ərizə göndərib, müalicə və digər xərclərinin qarşılandığını, bu üzdən şikayət və tələblərinin olmadığını bildirmişdilər.

İndi isə, əksinə, şikayətçidirlər.

Deyirlər ki, Allahverdiyevlər ailəsi üzərinə götürdüyü öhdəliyə əməl etmir, nəticədə ağır vəziyyətdə qalıblar.

1.6 milyon dollarlıq iddia

Bir ilə yaxındır ki, Tekiş cütlüyü ilə Allahverdiyevlər arasında məhkəmə çəkişməsi gedir. Songül Tekiş öncə Nərimanov Rayon Məhkəməsində Elman Allahverdiyev və ona məxsus “Gardenia” MMC-yə qarşı 1.6 milyon dollarlıq iddia qaldırıb.

O bildirib ki, davamlı xəstəxanada müalicə alır, nəinki iş qabiliyyətini itirib, hətta başqasının köməyi olmadan hərəkət edə bilmir: “Mənim 80 faiz əlil olmağım haqda rəy verilib. Bu da Azərbaycandakı birinci qrup əlillik dərəcəsi deməkdir. Həyat yoldaşım da sağlamlığını itirib. Gəlirimiz yoxdur, övladlarımıza baxmaq imkanından məhrumuq. Üstəlik, aldığımız ağır xəsarətlərə görə xüsusi qulluq, müalicə və əlavə tibbi xidmətlərə ehtiyacı var”.

Tekişin sözlərinə görə, ilkin dövrdə müalicə xərclərindən əlavə, Elman Allahverdiyev 2017-ci ilin dekabrında yazılı şəkildə üzərinə öhdəlik götürüb ki, onlara 265 min dollar pul ödəyəcək. Amma bu vəsaitin cəmi 190 min dollarını bank vasitəsilə köçürüb.

O iddia edir ki, Nail Allahverdiyev həbsdən çıxandan sonra onlara edilən yardım da dayandırılıb: “Belə çıxır ki, məqsəd bizi aldadıb şikayətimizin olmadığı barədə ərizə almaq imiş”.

22 min avro

Nərimanov Rayon Məhkəməsi Tekiş cütlüyünün iddiasını qismən təmin edib.

Elman Allahverdiyev və “Gardenia” MMC-nin üzərinə zərərçəkmişlərə 35 min dollar, 920 min 308 türk lirəsi və 22 min avro vəsait ödəmək öhdəliyi qoyulub.

Bu qərardan apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsi noyabrın 23-də Nərimanov Rayon Məhkəməsinin qətnaməsini ləğv edib.

Apellyasiya instansiyası belə nəticəyə gəlib ki, cavabdeh Allahverdiyev Tekişə yalnız 22 min avro ödəməlidir. Bu isə yeriməyə kömək edən, nevrotronik ayaq biləyi sensorlu xüsusi cihazın alınmasına görə xərclənmiş vəsaitdir.

“Sizə başqası pul köçürübsə…”

Elman Allahverdiyevin vəkili Muxtar Mustafayev AzadlıqRadiosuna bildirib ki, Tekiş cütlüyü durumdan sui-istifadə edir.

Vəkilin sözlərinə görə, müvəkkili bu məsələdə üzərinə düşən bütün öhdəliklərə artıqlamasıyla əməl edib.

Müdafiəçi deyir ki, qarşı tərəf rəsmi qaydada ödənilmiş vəsaitləri də danır, məhkəməyə saxta sənəd təqdim edir.

“Onlar iddia edir ki, guya 265 min dollarlıq öhdəliyin 190 mini icra olunub. Bizim sübutlarımız var ki, 265 min əvəzinə 275 min dollar verilib. Yəni 190 mindən əlavə, 40 min nağd şəkildə Mutallib Tekişə verilib, 45 min də bank hesabına köçürülüb. Həmin 40 və 45 min dollarla bağlı deyirlər ki, guya başqası verib. Sizə başqası pul köçürübsə, bunun sənədi bizim əlimizdə necə ola bilərdi? Yaxud da vəkili fevralın 26-da məhkəmə sistemində şəxsi kabinetə sənəd yükləyib, amma sənədin üzərində tarix 28 fevraldır”, – Mustafayev belə deyir.

“Bunlar bir neçə milyondan danışırlar”

Vəkilin sözlərinə görə, xüsusi təyyarə ilə Türkiyəyə aparılmaları, müalicə xərcləri və verilən pul da daxil olmaqla, indiyədək Tekiş cütlüyünə 1 milyona yaxın vəsait xərclənib. Mustafayev vurğulayıb ki, onların sağlıq durumunu nəzərə alaraq, bundan sonra da yardım etmək niyyətindədirlər.

Amma qarşı tərəf fantastik rəqəmlərdən danışır: “Vəkilinə də demişdik ki, ağlabatan təklif verin, danışaq. Amma bunlar bir neçə milyondan danışırlar. Bu, ehtiyatsızlıqdan baş vermiş hadisədir, heç kim istəməzdi belə olsun. Nail Allahverdiyev hadisə yerindən qaçmayıb, cəzasını da çəkib. Onun haqqında nə qədər böhtanlar yayıldı, araşdırıldı və heç biri də təsdiqini tapmadı”.

Mustafayev şirkətin əmlakı üzərinə həbs qoyulmasına da aydınlıq gətirib.

O bildirib ki, qəzanı törədən avtomobil “Gardenia” MMC-yə məxsus olduğuna görə məhkəmə iddianın təmini tədbiri olaraq bu qərarı verib: “Məhkəmə öncədən tədbir görür ki, bu şirkətin əleyhinə qərar verilsə, pul ödəmək öhdəliyi qoyulsa, həmin qərarın icrası mümkün olsun”.

Xatırlatma

Sözügedən qəza 2017-ci il avqustun 3-də baş verib. 1994-cü il təvəllüdlü Nail Allahverdiyev idarə etdiyi “Gelandewagen” markalı avtomobillə qarşısındakı maşını arxadan vurub, nəticədə idarəetməni itirib.

Avtomobil beton yolayrıcını aşaraq qarşı yola çıxıb və piyadalar Vaqif Əsədov, Mutallib və Songül Tekiş cütlüyünü vurub. Daha sonra maşın binanın fasadına çırpılaraq yanıb.

Qəza nəticəsində piyada Əsədov və avtomobildə Allahverdiyevin yanında olmuş Mehdi Əliyev ölüb. Allahverdiyevin özünün də qolu sınıb.

Hadisədən sonra həbs olunan Allahverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib. Daha sonra Ali Məhkəmə Allahverdiyevə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib və o, şərti azadlığa buraxılıb.

Bənzər yazılar

Back to top button