İdman

Koronavirus idman ilini “təxirə saldı” (ARAŞDIRMA)

İdmansevərlərin səbirsizliklə gözlədiyi 2020-ci ildə bir çox mötəbər yarışlar və onlardan ən əsasları olan futbol üzrə Avropa çempionatı ilə Tokio Olimpiadası keçiriləcəkdi.

Lakin bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası idman yarışlarının təxirə salınmasına səbəb olub.

Sport7.az təxirə salınan idman yarışlarının siyahısını hazırlayıb.

24 iyul – 9 avqust tarixləri arasında Yaponiyanın paytaxtı Tokioda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarının gələn il keçirilməsinə qərar verilib.

Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 təxirə salınıb. Çempionatın 11 iyun – 11 iyul 2021-ci ildə keçirilməsi təklif olunub.

Mayın 8-də İsveçrədə start götürməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar olaraq ləğv olunub.

Kişi və qadınlardan ibarət komandalar arasında badminton üzrə dünya çempionatı təxirə salınıb. 16 – 24 maya planlaşdırılan yarış 13 – 23 avqustda Danimarkanın Orhus şəhərində keçiriləcək.

Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Ukraynanın paytaxtı Kiyevdəki Avropa çempionatında iştirakı baş tutmayıb. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı 21 – 26 aprelə nəzərdə tutulmuşdu. Turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.

26 martda Rusiyanın Yekaterinburq şəhərindəki şahmat üzrə İddiaçılar Turniri dayandırılıb. Turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. Bərpa tarixi isə hələ məlum deyil.

26 martda Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə planlaşdırılan builki şahmat üzrə ənənəvi “ShamkirChess” turniri koronavirus səbəbindən təxirə salınıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Bakıda keçirilməsi planlaşdırılan cüdo üzrə Böyük Dəbilqə turniri təxirə salınıb.

“Formula 1” rəhbərliyi Niderland, İspaniya və Monako Qran-prilərinin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb. Beləliklə, builki dünya çempionatının 5 – 7 iyunda keçiriləcək Azərbaycan Qran-prisindən tez başlamayacağı müəyyənləşib.

Aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli futzal üzrə Çempionlar Liqasının “Dördlər finalı” növbəti xəbərdarlığa qədər təxirə salınıb.

25 may – 7 iyun tarixləri arasında Parisdə keçirilməli olan tennis üzrə Fransa Açıq çempionatı təxirə salınıb və “Roland Garros”un payızda, 20 sentyabr – 4 oktyabr tarixlərində təşkil olunacağı bildirilib.

27-31 mayda Bakıda keçirilməsi planlaşdırılan Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı təxirə salınıb. Yeni tarixlərlə bağlı aprelin sonlarında ətraflı məlumat veriləcək.

17-19 aprelə nəzərdə tutulan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib, 24-26 apreldə Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib. Martda Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku isə koronavirusa görə yarımçıq dayandırılıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turniri dayandırılıb. Mayın 14-də start götürmüş yarış martın 24-də yekunlaşmalı idi.

Aprelin 22-dən mayın 3-dək Monteneqronun Budva şəhərində keçirilməli olan boks üzrə gənclər arasında Avropa çempionatı da təxirə salınıb. Avropa Boks İttifaqı çempionatın 15 – 27 mayda təşkil olunmasına qərar verib.

NASCAR rallisinin təşkilatçıları 2020 mövsümünü koronavirus pandemiyası ilə əlaqədar təxirə salıb.

Avropa Voleybol Konfederasiyası (CEV) öz bayrağı altında keçirilən bütün yarışları koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək dayandırıb. Avropa Voleybol Konfederasiyasının yarışları dayandırmaq qərarı Çempionlar Liqası, CEV və Çağırış Kuboklarına şamil olunub.

Koronavirus epidemiyası səbəbindən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) xüsusi risk qrupuna aid edilən ölkələrdə bütün növlər üzrə velosiped yarışlarının ən azı aprelin 3-dək dayandırılması barədə qərar qəbul edib.

21 may-6 iyun tarixləri arasında Estoniyada keçirilməli olan 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinin oyunları qeyri-müəyyən müddətədək təxirə salınıb.

UEFA Gənclər Liqasında 1/8 və 1/4 final mərhələlərinin 17-20 apreldə keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.

17 iyun – 4 iyul tarixlərində Çində təşkil olunması planlaşdırılan klublararası dünya çempionatının təxirə salınması ilə bağlı qərar qəbul edib. Turnirin yeni tarixi hələ məlum deyil.

2021-ci il Millətlər Liqası, eləcə də gənclər və qadınlar arasında Avropa çempionatlarının final mərhələsinin vaxtı dəyişdiriləcək. bu aya planlaşdırılmış pley-off oyunları beynəlxalq matçlar üçün pəncərənin açılacağı iyunda olacaq. Bu tarix vəziyyətin qiymətləndirilməsindən sonra dəyişdirilə bilər. 2021-ci ilin iyununa təyin olunmuş üçüncü və dördüncü turun qarşılaşmaları isə təxirə salınacaq.

Gələn ilin iyun-iyulunda keçirilməli olan Millətlər Liqasının final mərhələsi, gənclər və qadınlar arasında Avropa çempionatı da ertələnəcək. Klublar öz oyunçularını təxirə salınmış bütün oyunlar üçün yığmalara göndərəcəklər.

Həmçinin bir çox ölkələrdə, azərbaycanlı futbol azarkeşlərinin böyük maraqla izlədiyi İngiltərə, İspaniya, İtaliya, Fransa, Türkiyə, Rusiya çempionatları təxirə salınıb. Həmçinin ölkəmizdə də Azərbaycan Premyer Liqası, I Divizion və aşağı yaş qrupları üzrə bütün liqalar dayandırılıb.

Bənzər yazılar

Back to top button