Hadisə

Lerikdə məmurların pul üstündə əlbəyaxa davası

“Lerik Rayon Maliyyə İdarəsinin rəisi Elman Abbasov idarənin keçmiş baş mühasibi Hafiz İmanovla əlbəyaxa davasına çıxıb”.

Bu barədə Lerikdəki mənbə anaxeber.info-ya məlumat verib. O bildirib ki, onlar əvvəl bir-birinə qarşı kobudçuluq edib, sonra ağır söyüşlərlə bir-birini təhqir ediblər.Maliyyə İdarəsində çalışanlardan biri deyir ki, hadisə bir neçə gün öncə baş verib.Onun sözlərinə görə, təhqir müstəvisinə çıxan mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Bildirilir ki, dava-dalaşın səsinə idarəyə yaxınlıqda yerləşən digər təşkilatlarda işləyən işçilər və ətrafda olan vətəndaşlar da gəlib.

“Mübahisəyə səbəb onların arasında idarə və təşkilatlardan hər ayda olduğu kimi yığılmış aylıq faizlərin aralarında düzgün bölünməməsi olub. Hafiz İmanov uzun illər idarədə baş mühasib işləyib. Son illərdə həm Maliyyə İdarəsinə vəsaitin az ayrılmasına görə, həm də rayonda idarədə gedən maliyyə maxinasiyaları barəsində respublikanın ayrı-ayrı təşkilatlarına gedən şikayət ərizələri onu çox narahat etdiyi üçün ərizə yazıb və baş mühasiblikdən imtina edib. daha sonra onu idarədə başqa işə keçiriblər. Baş mühasib isə İlqamət müəllimə tapşırılıb”, – idarədəki mənbə deyib.

O qeyd edib ki, Hafiz İmanovla Elman Abbasov arasındakı dava pul üstündə baş verib: “Hafiz İmanov yenə də deyir ki, yığılmış və ayın axırında maxinasiya edilmiş pullardan əvvəlki kimi ona da verilsin. Elman Abbasov bu şərtlə razılaşmadığı üçün aralarında problem yaratmışdı. Dava zamanı Hafiz İmanovun köynəyi də cırılıb”.

Məsələ ilə bağlı Lerik Rayon Maliyyə İdarəsinin rəisi Elman Abbasovla əlaqə saxlamaq mümkün olmayıb.

Bənzər yazılar

Back to top button