Cəmiyyət

Prezident: “Hansı inqilab kimə xeyir gətirib?”

Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Artıq 27 ilə yaxındır ki, biz sabitlik şəraitində yaşayırıq, görün, bizim ətrafımızda hansı proseslər baş vermişdir – müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması, böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri real vəziyyəti əks etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz suverenliyini və ərazi bütövlüyünü saxlayırlar. Əslində, çoxdan itiriblər, çoxdan bölünüblər tayfalara, təriqətlərə, müxtəlif bölgələrə.

AzToday.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında qeyd edib.

“Bizim qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir. İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə baxın. Mən indi müqayisə edə bilmərəm, amma siz edə bilərsiniz. Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidir və əminəm ki, belə də olacaq.

Ona görə bu seçkilərin nəticələri görülmüş işlərin təzahürüdür. Çünki bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bənzər yazılar

Back to top button